Ukrayna Prezidenti Volodimir Zelenski ukraynalılara müraciət edib.
O, müraciətində deyib:
“Bu hücumun məqsədi təzyiqdir. Bütün cəmiyyətimizə təzyiqdir. Bir daha deyirəm, tək hakimiyyətə deyil, bütün ukraynalılara təzyiqdir. Bizim oğlanlarımız və qızlarımız düşmənə öz operativ müdaxilə planlarını ilk gündə yerinə yetirməyə imkan verməyib”, - bildirib.
Əksər istiqamətlərdə hücumların qarşısının alındığını deyən Zelenski Rusiya aviasiyasının yaşayış sahələrinə zərbə endirdiyini də əlavə edib.
Zelenski, bunu 1941-ci ildə Almaniya Ordusunun Kiyevə hücumu ilə müqayisə edib: “Biz dövlətimizi təkbaşına qoruyuruq. Dünyanın ən güclü ölkələri baş verənləri uzaqdan seyr edir. Dünənki sanksiyalar Rusiyanı inandıra bildi? Biz öz səmamızda və yerdə eşitdiyimiz mərmi səsindən bunun kifayət olmadığını görürük”.
O, əvvəl-axır Rusiya ilə danışıqların başlayacağını qeyd edib.
Zelenski Rusiya vətəndaşlarına da müraciət edib.
“Hörmətli Rusiya Federasiyası vətəndaşları, dediyim kimi, bu gecə qəhrəman şəhər Kiyevin yaşayış sahələri bombalanmağa başlayıb. Bu 1941-ci ili xatırladır. Etiraz aksiyasına çıxan vətəndaşlar, biz sizi görürük”, - Zelenski söyləyib.