Özbəkistanın Surxandərya vilayətində uşaq bağçalarının tərbiyəçiləri gündüz uşaqlara qarşı fiziki zorakılıq həyata keçirib, axşamlarsa bağçada priton yaradaraq müştərilərə intim xidmətlər göstərirlərmiş. Məsələ aşkarlanandan sonra 10-a yaxın məmur dövlət qulluğundan qovulub.
 
RePost.Az-ın məlumatına görə, vilayət hakimiyyətinin xalq təhsili şöbəsindən Azadlıq Radiosunun özbək xidmətinə bildirilib ki, bu məsələyə hələ nöqtə qoyulmayıb. Məlumata görə, hadisənin baş verdiyi Termez rayonunun iki bağçasının müdirləriylə əmək müqavilələrinə xitam verilib. Hökumət daha iki rayonda eyni addımı atacaq.
 
UŞAQLARI BIÇAQLA HƏDƏLƏYİBLƏR
 
Sosial şəbəkələrdə Surxandərya vilayətindəki uşaq bağçalarının tərbiyəçilərinin bağçada priton yaratması haqda videolar qızğın müzakirə olunur.
 
Termez rayon televiziyasının əməkdaşları bu videoreportajı hüquq-mühafizə orqanlarının ötən ilin noyabrında keçirdikləri reydin materialları əsasında hazırlayıblar. Gizli kamera ilə çəkilmiş videoda tərbiyəçilərin gündüz uşaqlara fiziki zorakılıq tətbiq etmələri, gecələrsə bağçanı pritona çevirdikləri aydın görünür.
 
Bundan başqa, videoreportajda bağçanın mühafizəçilərinin gecələr uşaqların yataq otaqlarını yüngül əxlaqlı qadınlara kirayə verməsindən də söz açılır.
 
Videoda ortayaşlı tərbiyəçinin uşaqları bıçaqla hədələməsini görmək olur. Daha üç tərbiyəçi isə qəhqəhə ilə gülür və yeni qurbanları ona tərəf gətirir. Bundan başqa, bir tərbiyəçinin bıçağı havada yellədərək uşaqları onların dilini və cinsiyyət üzvlərini kəsəcəyi ilə hədələdiyi görünür.
 
CƏZANI YÜNGÜLLƏŞDİRMƏK İSTƏYİRLƏR
 
Surxandərya vilayət prokurorluğunun əməkdaşı AzadlıqRadiosunun özbək xidmətinə bildirib ki, hazırda faktla bağlı cinayət işi açılıb. Onun sözlərinə görə, artıq bəzi tərbiyəçilər barədə məhkəmə hökmü çıxarılıb. Onlardan biri azyaşlı uşağı olması səbəbindən, hələlik, azadlıqdadır və uşağı üç yaşına çatan kimi həbsxanaya salınacaq.
 
Fevralın 25-də bir qrup valideyn AzadlıqRadiosuna müraciət edərək Surxandərya vilayətinin məhkəmə orqanlarının günahkarların cəzasını yüngülləşdirmək istəməsindən narahatlıq ifadə ediblər. Onların sözlərinə görə, günahkarlara 3 il icbari iş verilə bilər. Yaxud da onlar amnistiyaya salınaraq həbs cəzasından yayına bilərlər.
 
“Uşaqlarımızın gələcəyi naminə belə hallar ciddi araşdırılmalıdır”, – Surxandərya vilayətindən olan valideynlərin məktubunda deyilir.
 
Özbəkistanın Xalq Təhsili Nazirliyinin əməkdaşları isə Surxandəryanın məktəbəqədər tərbiyə müəssisələrində baş verənlərdən xəbərsiz olduqlarını bildiriblər.
 
RePost.Az

Baxış sayı: 4188 | Tarix: 02.03.2017
Bizi Telegramda izləyin: @repostaz