“Mən bu gün Gəncədə olmağıma çox şadam”.
 
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.
 
Onun sözlərinə görə, Azərbaycan hökuməti və Aİ-nin birgə layihəsi ilə bağlı bu gün Gəncə Dövlət Aqrar Universitetindədir: “Avropa İttifaqı öz layihələri ilə Azərbaycan sənayesinin və kənd təsərrüfatının müxtəlif sektorlarına dəstək verir. Bu layihəni Aİ və Azərbaycan hökuməti arasında qarşılıqlı münasibət çərçivəsində həyata keçiririk. Mən Gəncə Dövlət Universitetinə də baş çəkəcəyəm. Biz akademik çərçivədə əməkdaşlıq imkanlarını müzakirə edəcəyik. Eyni zamanda, dayanıqlı inkişaf, “ağıllı kənd”lər, bərpaolunan enerji, kiçik və orta sahibkarlığa dəstək məsələləri də müzakirə olunacaq”.
 
O xatırladıb ki, Avropa Komissarı Oliver Varhelyi Azərbaycana səfəri zamanı Aİ-nin "Şərq Tərəfdalığı" çərçivəsində layihələrə dəstək üçün Azərbaycan 2 milyard avro vəsait ayrılacağını bildirib.
 
“Bu gün biz Gəncədə yerli tərəfdaşlarla bütün bu məsələlər barədə müzakirə aparacağıq”, - səfir vurğulayıb.

Baxış sayı: 4511 | Tarix: 05.03.2022
Bizi Telegramda izləyin: @repostaz