Bolqarıstanın ardınca Litva, Latviya və Estoniya da Rusiya diplomatlarının ölkədən çıxarılması barədə qərar verib.
APA xəbər verir ki, bu barədə həmin ölkələrin Xarici İşlər nazirlikləri məlumat yayıb.
Rusiya səfiri Aleksey İsakov Litva XİN-ə çağırılıb və ona səfirliyin 4 əməkdaşının “persona non qrata” elan olunması ilə bağlı nota verilib.
“Diplomatik statusa zidd fəaliyyətdə” ittiham olunan diplomatlar dərhal ölkəni tərk etməlidir.
Estoniya da Rusiya səfirliyinin 3 əməkdaşını “təbliğat yaymaq və təhlükəsizliyə təhdid törətmək” ittihamı ilə “arzuolunmaz şəxs” elan edib.
Latviya da “diplomatik statusa zidd fəaliyyətə görə” Rusiya səfirliyinin daha 3 əməkdaşını ölkədən çıxarır.