Rusiya və Ukrayna arasında danışıqlar heyətinin İstanbulda keçirilən görüşünün birinci raundu başa çatıb.
RePost.Az xəbər verir ki, İstanbulda Rusiya ilə aparılan danışıqlarda əsas diqqət Ukrayna üçün təhlükəsizlik təminatı və atəşkəsə yönəlib.
Danışıqlarda iştirak edən Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, bir neçə mühüm məsələ ilə bağlı intensiv məsləhətləşmələr gedir. Bunlar arasında əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik zəmanəti haqqında sazişdir. "Yalnız bu razılaşma ilə müharibəni Ukraynaya lazım olan şəkildə bitirə bilərik”, - o qeyd edib.
Podolyak əlavə edib ki, müzakirə olunan məsələlərin ikinci hissəsi atəşkəslə bağlıdır: “Belə olan halda isə biz təcili həllini tələb edən bütün humanitar problemləri həll edə bilərik”.
Podolyak qeyd edib ki, tərəflər müharibə qaydalarının pozulmasını da müzakirə edirlər.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Aleksandr Kirilenko deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Komandanlığı hərbi əsirlərlə rəftarla bağlı beynəlxalq qanunlara əməl olunması barədə mövqeyini çox aydın şəkildə ifadə edib.
“Bütün daxil olan məlumatlar Ukrayna Silahlı Qüvvələri tərəfindən təfərrüatı ilə yoxlanılır”, - Kirilenko bildirib.
O vurğulayıb ki, qanun pozuntuları aşkar edilərsə, hərbi əsirlərlə rəftar qaydalarını pozan hərbi qulluqçular barəsində müvafiq hüquqi qərarlar veriləcək: “Eyni zamanda, biz gözləyirik Rusiya tərəfi də bəyan etsin ki, Rusiya Federasiyası bu beynəlxalq müqavilələrə (hərbi əsirlərlə rəftar haqqında - red.) əməl edəcək”.
Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib ki, Ukrayna Rusiyaya təhlükəsizliyi ilə bağlı təkliflərini təqdim edib.
Onun sözlərinə görə, ölkəsi BMT TŞ-nın 5 daimi üzvünün, habelə Kanada, Polşa, İsrail və Türkiyənin Ukraynanın təhlükəsizliyinin qarantı olaraq görmək istəyir.
Amma tərəflər bu məsələdə anlaşma əldə edə bilməyiblər.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib ki, Rusiya Ukraynanın təkliflərini nəzərdə keçirəcək. Təkliflər barədə Putinə məruzə olunacaq.
O əlavə edib ki, Rusiya Vladimir Putinlə Vladimir Zelenski arasında görüş hər iki ölkənin XİN başçısının əldə ediləcək razılaşmanı imzalaması ilə paralel baş tuta bilər.