“Ağır silahlarla təchiz olunmuş Ukraynadan başqa heç kim Rusiyanı dayandıra bilməz”.
 
RePost.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
 
O xatırladıb ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb.
 
“Rusiya əmin idi ki, Ukraynanı 5 günə işğal edəcək. Bu, bizim ölkəmizi məhv etmək, demokratiyamızı çökdürmək üçün onların təyin etdiyi zaman kəsimi idi. Lakin onların kimə qarşı savaşacaqlarına dair aydın bir fikri yox idi. Ruslar bilmirdilər ki, biz öz azadlığımızı necə qiymətləndiririk”, - Zelenski bildirib.
 
Zelenski qeyd edib ki, ötən bu müddət ərzində Ukrayna qüvvələri Rusiyanın çox sayda silah və hərbi texnikasını məhv edib: “Lakin bu kifayət deyil. Rusiya hələ də yalnız Ukraynaya deyil, Polşaya, Moldovaya, Rumıniyaya və Baltik ölkələrinə hücum etmək gücünə malikdir. Əgər Ukraynanın azadlığı əldən gedərsə, bu ölkələr növbəti hədəf ola bilər. Buça və Mariupoldan olan görüntülər Rusiyanın dünya üçün real niyyətlərini nümayiş etdirir. Bu, yalnız silahın gücü ilə dayandırıla bilər və bu istiqamətdə indi addım atılmalıdır”.
 
Zelenski vurğulayıb ki, Ukraynanın ağır artilleriyaya, zirehli maşınlara, havadan müdafiə sistemlərinə və döyüş təyyarələrinə ehtiyacı var: “Mümkün qədər daha çox 152 və 155 millimetrlik artilleriya mərmilərinə, "Qrad", "Smerç", “Tornado”, M142 HİMARS-lara, silahlı heyəti daşımaq üçün zirehli avtomobillərə, T-72 və oxşar tanklara, S-300 və BUK kimi havadan müdafiə sistemlərinə ehtiyacımız var. Şəhərlərimizi blokadadan çıxartmaq, milyonlarla ukraynalının və avropalının həyatını xilas etmək üçün hərbi təyyarələr lazımdır.
 
Qərb ölkələrinin bunu etməsi üçün bütün imkanları var. Ukraynanı silahlandırın, azadlığı xilas edin!”, - Ukrayna lideri vurğulayıb.
 
O diqqətə çatdırıb ki, əlavə silahlar olmasa, bu müharibə səfalət, əzab və dağıntıları yayan sonsuz qan gölünə çevriləcək. "Mariupol, Buça, Kramatorsk – siyahı davam etdiriləcək. Ağır silahlarla təchiz olunmuş Ukraynadan başqa heç kim Rusiyanı dayandıra bilməz”.

Baxış sayı: 4511 | Tarix: 13.04.2022
Bizi Telegramda izləyin: @repostaz