İyunun 3-də saat 23 radələrində Qubada törədilmiş qətlin bəzi detalları üzə çıxıb.
RePost.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən 1968-ci il təvəllüdlü Kərim Baxışov qətlə yetirdiyi 1963-cü il təvəllüdlü Eldar Hacıyevin təsərrüfatında işləyirmiş.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, qətl qısqanclıq zəminində törədilib. Belə ki, K.Baxışov gecə saatlarında evinə gələn müdiri ilə mübahisə edib.
Qısqanclıq zəminində baş verən mübahisə münaqişəyə çevrilib və 54 yaşlı kişi 59 yaşlı iş adamını bıçaqlayaraq öldürüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.