Azərbaycanın tanınmış müğənnisi, aktrisa Firəngiz Rəhimbəyova vəfat edib.
Bu barədə rejissor Namiq Şirəlibəyov məlumat verib. Onun sözlərinə görə, müğənni ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Firəngiz Rəhimbəyli 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub.
O, ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının yaradıcılarından birinə çevrilib. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyli “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru isə “Bəxt üzüyü” filmindəki Sevda rolu gətirir.
O, 1993-cü ildən ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Firəngiz Rəhimbəyli 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. Əsasən Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olub.
F.Rəhimbəyli 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" yenidən Seda roluna çəkilib.
Allah rəhmət eləsin!