İlk dəqiqələrdən 2 qol buraxan "Qarabağ"ın Almaniyada "Frayburq" qarşısında 2017-ci ildə "Çelsi" ilə İngiltərədəki Çempionlar Liqasının ilk tur oyunundakı kimi faciə yaşayacağını düşünməyə başlamışdım. Hətta oyuna ezam olunmuş əməkdaşımız Təbriz Quliyevə zarafatca "Elə et ki, çox qol vurmasınlar. Şahruddin də sözə qulaq assın, insaflı olsun və az top buraxsın" yazmışdım. "Oyun əldən getdi", - deyə düşünürdüm. 
 
Amma necə oldusa, matç birdən-birə çöndü. Sanki "Qarabağ" artıq az əvvəl aciz durumda qollar yeyən komanda deyildi. Elə bil onlar üçün start fiti indi çalınmış, start həyəcanı 2 qol bahasına boğulmuşdu.
 
Almaniyada 30 minədək azarkeş qarşısında Bundesliqa liderinə qarşı elə oynayırdılar ki, rəqib baş məşqçi Kristian Ştrayx belə, ciddi narahatlıq keçirirdi, əsəbi halda əl-qol hərəkətləri ilə ona-buna qışqırırdı.
 
Bu həyəcan Marko Veşoviçin oyunu öz üzərinə götürərək, dəqiq zərbə endirməsindən sonra daha da artmağa başladı. "Frayburq"un dadına fasilə çatdı. Yoxsa ikinci qolu buraxma təhlükəsi qapıda idi. 
 
Fasilədən sonra meydan sahiblərinin özlərinə gələrək, yenidən ilk hissədəki ssenarini təkrarlayacağı ehtimalı var idi. Lakin yenə topa nəzarət, üstünlük "Qarabağ"ın tərəfində idi. Komanda müdafiədə ehtiyatlı, hətta bəzən qorxaq oynasa da, hücumlara inamla çıxırdı. İndi həmlələr daha kəsərli xarakter almağa başlamışdı. Qapı qarşısında qol imkanları yaradıldıqca rəqib həyəcan, panikaya düşməyə başlayırdı. 
 
Sanki avrokuboklarda milli çempionatda tutduğun mövqe, hansı ölkənin futbolunu təmsil etməyin yox, məhz təcrübə rol oynayırdı. Təcrübədə isə ardıcıl 9-cu mövsümdür qrup mərhələsi sevinci dadan "Qarabağ" tarixində bir neçə dəfə avrokubok üzü görmüş "Frayburq"u xeyli üstələyirdi. Azərbaycan komandası əməlli-başlı meydan sulayırdı.
 
Bu dəfə isə rəqibin dadına hakimlər çatdı. Sürətlə cərimə meydançasına girən Abdullah Zubirə qarşı kobudluğu hətta guya VAR-a baxdıqları görüntüsü ilə görməyən belçikalı hakimlər briqadası ən azı bərabərlik qolu ümidlərinin üstündən xətt çəkdi. 
 
Belə məlum oldu ki, Avropa səhnəsində "Qarabağ" varsa, orda ədalətsizlik, hətta qərəzli münasibət var. Əvvəl də var idi, indi də var. Və o "var"ı bu VAR da aradan götürməyib....
 
Yox olsun belə VAR!

Baxış sayı: 3751 | Tarix: 09.09.2022
Bizi Telegramda izləyin: @repostaz