"İlkin Zərbəliyev 1977-ci ildə Kürdəmirdə anadan olub. Hüquq fakültəsini bitirsə də, peşə marağı onu jurnalistikaya gətirmişdi.2000-ci ildən 2014 ilə qədər 14 il "Lider" Televiziyasının "Səda” xəbərlər buraxılışı üçün reportajlar hazırlayıb".
 
RePost.Az xəbər verir ki, bu barədə jurnalist Rəşad Rəşidov mərhum həmkarımız  İlkin Zərbəliyev haqqında xatirələrində qeyd edib. Onun sözlərinə görə, İlkin 28 yaşında tutulduğu dağınıq skleroz xəstəliyi onun "Lider" televiziyasındakı işinə də təsir edib. 
 
"Həmkarımız İlkin Zərbəliyevin öz dilindən: Aran rayonları üzrə bölgə müxbiri işləyirdim. Bölgə xəbərlərinə aid reportaj tapşırmışdılar. Hərə bir zonadan reportaj hazırlamalı idim. Artıq xəstəlik özünü biruzə vermişdi, əllərim əsirdi. Əlim əsirdi deyə mikrofon tuta bilmirdim, "petliçka" mikrofon taxırdım. Kürdəmirdə parkın önündə "stand up" edirdim. Yaxınlıqda bir qara maşın dayandı. Bir neçə dəqiqə gözləyib getdi. Blok efirə gedəndən sonra redaktor zəng elədi ki, İlkin, Ədalət müəllim ("Lider TV və Radio Azərbaycan" MMC-nin prezidenti Ədalət Əliyev) səni işdən azad etdi. Soruşdum, niyə? Dedi, niyəsini bilmirəm. İnanmadım, gəldim Bakıya. İstədim Ədalət müəllimin qəbuluna düşüm, çünki, o həmişə məni diqqət mərkəzində saxlayıb. Xəstəliyimi biləndə, 2006-cı ildə cibinin pulu ilə məni Moskvaya, 2009-cu ildə Almaniyaya, 2012-də İrana göndərib. Mühasib zəng etdi mənə ki, İlkin, sənə Ədalət müəllimin sözünü deyirəm, işdən çıxarılmağınla bağlı ağlına pis heç nə gətirmə, Ədalət müəllim dedi, İlkin yorulub, getsin bir az dincəlsin. Mənə də tapşırıb ki, hər ay maaşının 50 faizi kartına köçürüləcək. Sən demə, o gün qara maşındakı Ədalət müəllim imiş. Kənardan məni izləyib. Allah ondan razı olsun, çox yaxşı insandı, günü bu günə qədər hər ay maaş kartıma 200 manat pul yüklənir. İndiki zəmanədə kim kimə ayda 200 manat verir?", - Rəşad Rəşidov İlkin Zərbəliyevin xatirələrini paylaşıb. 
 
Xatırladaq ki, həmkarımız bu gün doğuldu Kürdəmir rayonunda son mənzilə yola salınıb. Allah rəhmət eləsin!!

Baxış sayı: 30959 | Tarix: 29.11.2022
Bizi Telegramda izləyin: @repostaz