Fövqəladə Hallar Nazirliyi Bakıda mənzildə 4 nəfərin meyitinin tapılması ilə bağlı məlumat yayıb.
FHN-dən verilən xəbərə görə, bu gün səhər saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bakıda mənzildə 4 nəfərin meyitinin tapılması ilə bağlı bəzi detallar məlum olub.
Meyitlər Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsində yerləşən yataqxana tipli 4 mərtəbəli binanın 1-ci mərtəbəsində mənzildə aşkarlanıb.
Bildirilir ki, orta yaşlı şəxslər rayonlardan Bakıya işləməyə gəliblər. Onlar paytaxtda yerləşən bazarlardan birində fəhlə kimi çalışırmışlar.
Onların bir neçə gün əvvəl öldüyü qeyd olunur.
Meyitlər mənzildən çıxarılıb və ekspertizaya göndərilib.
Araşdırma aparılır. Ölüm səbəbi və ölənlərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.