İsrailin Livanla şimal sərhədinə raket zərbələri endirilib.
 
APA "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
 
Bildirilib ki, Livan ərazisindən atılan raketlər “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən uğurla vurulub.
 
Matsuva, Şlomi, Hanita, Admit, Eylon, Hila, Roş HaNikra və Ərəb əl Aramaşe də daxil olmaqla Livan sərhədinə yaxın şəhərlərdə xəbərdarlıq siqnallar davam edərkən, yerli sakinlər İsrailin şimalında güclü partlayış səsləri eşidildiyini bildirib.
 
Baş nazir Benyamin Netanyahunun ofisi bəyanat yayaraq Baş nazirin rəhbərliyi ilə təhlükəsizlik kabinetinin iclasının keçiriləcəyini, vəziyyətin qiymətləndiriləcəyini bildirib.
 
Müdafiə naziri Yoav Gallant da İsrailin şimalındakı təhlükəsizlik vəziyyətinin təfərrüatları ilə tanış olduğunu açıqlayıb və əlavə edib ki, cavab üçün ilkin göstərişlər İDF qərargah rəisinə verilib.
 
İsrail xarici işlər naziri Eli Kohen də "Twitter"də raket hücumu barədə açıqlama verib.
 
“Pasxa bayramının ilk günündə ailəmiz və dostlarımız bayram süfrəsində oturarkən İsrail cənubdan və şimaldan raketlərlə üz-üzədir. Bu, təsadüf deyil. Heç kim bizi sınamasın, biz ölkəmizi, xalqımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik. Beynəlxalq ictimaiyyəti İsrailə qarşı hücumlara görə məsuliyyət daşıyanlara qarşı açıq bəyanat verməyə çağırıram”, - o deyib.
 
Raket zərbəsi nəticəsində bir israillinin yüngül xəsarət aldığı bildirilir.
 
Səudiyyə Ərəbistanında yerləş "Al-Hadath" agentliyi İsrailə 30-dan çox raket atıldığını bildirib. Agentliyin məlumatında qeyd olunub ki, zərbələr Livanın cənubundakı buraxılış məntəqələrindən həyata keçirilib. İsrail təhlükəsizlik qüvvələri isə 25-30 aralığında raket atıldığını və əksəriyyətinin "Dəmir Qübbə" sistemi tərəfindən uğurla zərərsizləşdirildiyini açıqlayıb.
 
İlkin qiymətləndirmələrə görə, Əl-Əqsada şiddətli toqquşmalara cavab olaraq həyata keçirilən raket zərbələrinə görə Livanın cənubunda yerləşən HƏMAS qruplaşması məsuliyyət daşıyır.

Baxış sayı: 10287 | Tarix: 06.04.2023
Bizi Telegramda izləyin: @repostaz