Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
 
Hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb.
 
Vəkil bildirib ki, prosesdə Rəşad Dağlı və zərərçəkmiş şəxsin ailə sirləri açıqlana bilər. Ona görə də vəkil prosesin qapalı keçirilməsini istəyib.
 
Rəşad Dağlı vəkilin vəsatətini müdafiə edib.
 
Müşavirədən sonra hazırlıq iclasının qərarı açıqlanıb. Qərara görə vəsatət təmin edilməyib. Hakim bildirib ki, vəsatət əsaslandırılmayıb. Ona görə də indiki mərhələdə vəsatət təmin edilməsin. Məhkəmə qərara gəlib ki, gələcəkdə keçirilən proseslərdə ailə sirlərinin açılması ilə bağlı vəsatət əsaslandırılarsa, məsələyə baxıla bilər.
 
Rəşad Dağlının işi üzrə məhkəmə prosesində hakim Leyla Əsgərova bildirib ki, R.Dağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə yanaşı, 228.4-cü (Qanunsuz silah saxlama) maddəsi ilə də ittiham olunur.
 
Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.
 
Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.

Baxış sayı: 8672 | Tarix: 17.04.2023
Bizi Telegramda izləyin: @repostaz