Saatda 150 kilometrə çatan qasırğa təhlükəsi ilə əlaqədar Hindistan və Pakistanda 40 mindən çox insan təxliyə edilib.
 
Benqal dilində "fəlakət" mənasını verən Biparjoy adlı siklon Ərəb dənizi üzərindən irəliləyir və "çox şiddətli siklon fırtınası" kimi quruya çıxacağı proqnozlaşdırılır.
 
Pakistanın cənub-şərqindəki Sind əyalətində səlahiyyətlilər, ən azı 20000 insanın fırtınanın yolundan təxliyə edildiyini bildirib.
 
Hindistanın Qucarat əyalətində də təxminəm eyni sayda insanın təxliyə olunduğu bildirilir.
 
Hindistanın Meteorologiya Departamenti, fırtınanın cümə axşamı (15 iyun) axşam saatlarında saatda 150 kilometrə çatan küləklə Hindistanın Cakhau limanını vuracağını bildirib.
 
Üç metrə qədər dalğaların olacağı ehtimal olunan Qucarat sahillərində balıq ovu dayandırılıb və Hindistan Sahil Mühafizəsi neft qazma gəmisindən 50 personalı təxliyə edib.
 
Qucarat əyalətinin rəsmiləri əyalətdə 1,6 milyon insanın bu təbiət hadisəsindən təsirlənəcəyi barədə xəbərdarlıq edib.
 
Pakistan Meteorologiya Departamenti sahil boyu küləyin sürətinin 120 km/saat, fırtınanın isə 3,5 metrə çatacağı proqnozlaşdırıldığını bildirib.
 
Qeyd edək ki, 2021-ci ildə eyni sahil 150-dən çox insanın ölümünə və geniş miqyaslı dağıntılara səbəb olan Tauktae siklonuna məruz qalıb.

Baxış sayı: 11009 | Tarix: 13.06.2023
Bizi Telegramda izləyin: @repostaz