İranın ali dini lider Fələstinin İslami Cihad Hərəkatının rəhbərliyin qəbul edib.
İran İslam Respublikasının dini lideri ayətullah Əli Xamneyi Fələstinin İslami Cihad Hərəkatının rəhbərliyin qəbul edib. O, İsrailə qarşı dirəniş göstərən cihadçıların rəhbəri Ziad Al-Nakhalehi qələbə münasibəti ilə təbrik edib.
“İndi sionist rejimin vəziyyəti 70 il əvvəlki ilə müqayisədə xeyli dəyişib və sionist liderlərin bu rejimin 80-ci ilini görməməkdən narahat olmağa haqqı var”, deyə o, vurğulayıb. Bu barədə İranın yarım-rəsmi agentliyi “Fars News” xəbər yayıb.
“Biz (2015-ci ildə) qeyd etmişdik ki, sionist rejim bundan sonra heç 25 il ayaqda dura bilməyəcək, lakin görünən odur ki, onlar özləri tələsirlər və daha aradan tez getmək istəyirlər”, - Ali Məqamlı Rəhbər bildirib.
“Bu gün sionist düşmən passiv reaksiya mövqeyindədir və bu vəziyyət göstərir ki, Fələstinin İslami Cihad Hərəkatı və müqavimət qrupları mübarizə yolunu düzgün müəyyən edib və həmin yolu tutub gedirlər”.
Agentlik qeyd edir ki, mayın əvvəlində İsrail Qəzza zolağında ölümcül bombardman kampaniyasına başladı və bu, fələstinli döyüşçülərin işğal olunmuş ərazilərə doğru mindən çox raket atmasına səbəb oldu. Mühasirəyə alınan anklavda aralarında uşaq və qadınlar olmaqla ən azı 33 fələstinli həlak olub, 150-dən çox fələstinli yaralanıb.
Münaqişə Qəzzanın müqavimət qrupları ilə İsrail rejimi arasında 2021-ci ildə baş vermiş 10 günlük müharibədən bəri ən qanlı döyüş sayılır.
İranın rəhbəri çıxışının başqa bir yerində böyük hədəflərə çatmağın böyük risklər tələb etdiyini vurğulayıb: “Bu gün Allahın lütfü ilə Fələstin müqavimət qruplarının və İslami Cihadın gücü və etibarı günü-gündən artır və sionist rejimin beş günlük müharibədə son məğlubiyyəti bunu təsdiqləyir”.
O, İslami Cihad və digər Fələstin müqavimət qruplarının İsrail rejimi ilə mübarizənin əsas “açarını” kəşf etdiyini bildirib və əlavə edib: “İordan çayının qərb sahilində müqavimət qruplarının artan qüdrəti sionist düşməni diz çökdürmək üçün açardır və bu mübarizə davam etməlidir”.
Əli Xamneyi İsrailin son 4 ildə 4 Baş nazir dəyişməsini də ölkə daxilində ciddi siyasi sarsıntıların və problemlərin olmasının əlaməti kimi dəyərləndirib.
Qeyd edək ki, İran İsrailə qarşı ən radikal mövqedə olan ölkədir. Rəsmi Tehran İsrailə qarşı olan bütün hərəkatlara açıq şəkildə dəstək verir. İsrail də nüvə silahı əldə etməyin bir addımlığında olan İrana qarşı düşmən mövqeyindən çıxış edir. Təsadüfi deyil ki, İsrail dəfələrlə İranın bir sıra hərbi obyektini bombalayıb.
Elbəyi Həsənli, Sürix