Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sifarişlə qətl törədən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Lent.az-ın məlumatına görə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əzizə Seyidovanın vəkili cinayət işinin istintaqa qaytarılmasını istəyib.
"İbtidai istintaqda Əzizənin hüquqları kobud şəkildə pozulub. Müstəntiq heç bir faktı araşdırmadan ittiham verib. Ona görə də iş yenidən araşdırılmalıdır".
 
Hakim bildirib ki, ibtidai istintaqın araşdırılmasına baxmayaraq məhkəmə işi tam obyektiv aparacaq.
 
Daha sonra prokuror ittiham aktını elan edib. İttihama görə, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etməsinə görə öldürmək istəyib. O, bu məqsədlə siçan dərmanı alaraq Əli Seyidlinin yeməyinə qatmaq istəyib. Daha sonra, Əzizə bu fikrindən daşınaraq onu qətlə yetirmək qərarına gəlib.
 
Bu məqsədlə Əzizə Seyidli tanışı Mehdi Məmmədliyə ərinin ölümünü sifariş verib. 2022-ci ildən etibarən Əzizə Seyidli Mehdi Məmmədli ilə "Instagram" vasitəsilə mütəmadi danışıb, onun evə gəlib-getmə vaxtlarını deyib. 15 mart 2023-cü ildə o Mehdi Məmmədli ilə danışıb və onun həmin gün öldürülməsini tapşırıb. M.Məmmədli də sifarişə uyğun olaraq dostları ilə birlikdə gecə saat 00:00 radələrində Əli Seyidlinin yaşadığı ünvana gələrək gözləyiblər. Əli Seyidli evinə daxil olarkən M.Məmmədli və dostları onun qarşısını kəsərək çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.
 
İttihama münasibət bildirən Əzizə Seyidova özünü təqsirli bilməyib.
 
Digər təqsirləndirilən Mehdi Məmmədli, Elvin Əliyev və Bəxtiyar Fərzəliyev özlərini qismən təqsirli bilib.
 
Prosesdə sərbəst ifadə verən Mehdi Məmmədli bildirib ki, Əzizə Seyidova ilə onun qonşuluğundakı qadına görə tanıyıb:
 
"Daha sonra mən Əzizənin əmisi qızı Leyla ilə ailə həyatı qurdum. Leyla mənə Əzizə haqqında danışmışdı. Həmişə mənə Əzizənin yoldaşının ona əziyyət verməsi barədə danışırdı. Leyla ilə iki ay münasibətimiz oldu. Sonra ayrıldıq, amma dostluq münasibətimiz qalmışdı.
 
Bir müddət keçdi, 2022-ci ilin dekabrın 30-u Əzizə Seyidli mən işdə olan vaxtı zəng etdi. Dedi ki, mən uşağımla evdən qaçmışam, gəl götür. Mən də işdə olduğum üçün dedim taksi ilə verdiyim ünvana gəl. İşdən çıxıb getdim Əzizənin yanına. Əzizə dedi ki, oteldə qalmaq istəyirəm. Mən məsləhət gördüm ki, rəfiqəsigildə qalsın. Rəfiqəsi ilə görüşdük sonra bunları evə aparanda uşaq ac olduğu üçün dedi ki, “Mc Donaldcdan” uşağa yemək almalıyam. Əzizə və uşağı obyektə girsə də, çıxmadı”.
Onun sözlərinə görə, Əlini öldürmək fikri yox idi:
 
“Bu vaxt mənə bir nömrədən zəng gəldi. Əli Seyidli idi. Dedi ki, sənin maşında paltarlar qalıb. Gəldi çantaları götürəndə məni təhqir elədi. Maşından çantaları küçəyə atıb çıxıb getdim, dedim ki səninlə görüşərik. Gəldim evə hadisəni Bəxtiyara danışdım. Hadisə olan günə qədər mən Əlini görməmişəm. Mart ayının 15-də Bəxtiyar, Elvin və mən maşında gedəndə Əli Seyidli ilə maşınla üzbəüz gəldik. Mən uşaqlarla birlikdə gəldim Əlinin qapısında gözlədik. Əli gəldi qapıya çatanda onu çağırdım. Əli mənə çatan kimi mənim əlimə 2 bıçaq vurdu. Sonra uşaqlar tökülüşdülər Əlini vurduq. Mənim Əlini öldürmək fikrim yox idi".
 
Mehdi Məmmədli prokurorun suallarını cavablandırıb.
 
İttihama görə, hadisə bu il martın 16-da Sabunçu rayonunda baş verib.
 
Həmin gün 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
 
Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elnur Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baxış sayı: 8501 | Tarix: 16.08.2023
Bizi Telegramda izləyin: @repostaz