Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
 
APA xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəkil və tərcüməçi ilə təmin edilib.
 
Prosesdə ilkin olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Bildirilib ki, Vaqif Xaçatryan Azərbaycanın Əsgəran rayonunda, 1953-cü ildə anadan olub.
 
Prosesdə təqsirləndirilən şəxsə hakim tərəfindən hüquqları izah edilib.
 
İş üzrə dövlət ittihamını Baş prokurorun köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanovun müdafiə etdiyi bildirilib.
 
Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Natiq Bəybalayev müdafiə edəcək. Vaqif Xaçatryan vəkilə etiraz etməyib.
 
Prosesdə zərərçəkmiş şəxs qismində tanınan Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov da iştirak edib.
 
Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisi qismində Hüseyn Hümmətov tanınıb. O, Meşəli hadisələrində qətlə yetirilən Kərim Hümmətovun oğludur.
 
Prosesdə tərəflərə hüquqları izah edilib.
 
Dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərək işin məhkəmə baxışıına verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsini istəyib.
 
Məhkəmə müşavirəyə gedib.
 
Müşavirədən sonra cinayət işi üzrə məhkəmə baxışı oktyabrın 17-nə təyin edilib.
 

Baxış sayı: 8292 | Tarix: 13.10.2023
Bizi Telegramda izləyin: @repostaz