ABŞ prezidenti Donald Tramp doğulduğu və Demokratlar Partiyasının “qalası” olan Nyu-Yorka bu vəzifədə ilk dəfə olaraq səfər edib.

RePost.Az  publika.az-a istinadən xəbər verir ki, səfər zamanı Donald Tramp insanların kütləvi etirazı ilə qarşılanıb.

Donald Tramp Avstraliyanın baş naziri Malkolm Ternbull ilə birgə Nyu-Yorkda təşkil olunan ABŞ və Avstraliya arasında baş vermiş Mərcan dəniz müharibəsinin 75-ci ildönümü ilə bağlı tədbirə qatılarkən insanların böyük etirazına səbəb olub.

Hadisə ilə əlaqədar tədbirin keçirildiyi Nyu-Yorkun Manhattan bölgəsində yüksək təhlükəsizlik tədbirləri həyata keçirilib. Ancaq bölgədə toplanan minlərlə nümayişçi Trampa etiraz aksiyası keçirib. Aksiyada “Miqrantlara hə, Trampa yox”, “Mənim prezidentim Tramp deyil” və digər yazılı şüarlar nümayiş etdirilib. Mitinq keçirilən ərazidə yoldan keçən sürücülər də avtomobilləri ilə siqnal verərək nümayişçilərə dəstək göstəriblər.

Yaşanan insidentlə əlaqədar ABŞ-ın birinci xanımı Melania Trump və kiçik oğlu Barron Trampın Nyu-Yorkda yaşadığı “Trump Tower” binasının ətrafında da yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir.


Baxış sayı: 5157 | Tarix: 05.05.2017
Bizi Telegramda izləyin: @repostaz