İranda keçirilən prezident seçkilərində Həsən Ruhani qələbə qazanıb.


RePost.Az xəbər verir ki, ilkin nəticəyə görə, indiyədək sayılmış bülletenlərə əsasən, hazırkı prezident Həsən Ruhani 22 milyon 796 min 468 səslə öndədir. 

Onun əsas rəqibi, mühafizəkarların namizədi İbrahim Rəisi 15 milyon 796 min 468 səslə ikinci yerdədir.

Digər namizədlər Mustafa Mirsəlim 455 min 211 səs, Mustafa Haşimitəba 210 min 597 səs toplaya bilib.

İranın Seçkilər Qərargahının sədri Əli Əsğər Əhmədi  bildirib ki, seçkilərin nəticəsi məlumdur, lakin qanuna görə günorta saat 14.00-dək gözləmək lazımdır. Rəsmi nəticə saat 14.00-da elan olunacaq.

O deyib ki, səsvermədə seçici hüququ olanların 70 faizi iştirak edib.

İran prezidentinin birinci müavini İshaq Cahangiri əhalinin səsvermədə aktiv iştirakına və əksəriyyətin Həsən Ruhaniyə səs verməsinə görə xalqa təşəkkür edib.

****

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli ölkədə keçirilmiş prezident seçkilərinin rəsmi yekun nəticələrini açıqlayıb.

Əbdülrza Rəhmani Fəzli bildirib ki, Həsən Ruhani səslərin 57 faizini qazanaraq yenidən İranın prezideni seçilib. O, seçicilərin sandıqlara saldığı 41 milyon 22 min 131 səsdən, 23 milyon 549 min 16-nı qazanaraq seçkilərin qalibi olub. Ruhaninin əsas rəqibi sayılan İbrahim Rəisi 15 milyon 786 min 449 səslə ikinci, Mustafa Mirsəlim 478 min 215 səslə üçüncü, Mustafa Haşimi Təba isə 219 min 450 səslə dördüncü olub. Xatırladaq ki, ordibehiştin 29-da İranda 12-ci prezident seçkiləri keçirilib.  

RePost.Az


Baxış sayı: 4226 | Tarix: 20.05.2017
Bizi Telegramda izləyin: @repostaz