Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməkdə və maşın qaçırmaqda təqsirləndirilən Yusif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
RePost.Az  Musavat.com-a istinadən xəbər verir ki, hakim Samir Əliyevin icraatında olan prosesdə hökm oxunub. Məhkəmədə hakim bildirib ki, maşın qaçırma epizodu üzrə zərərçəkən Şövkət İbrahimov prosesə gəlməyib.

Sonra iş üzrə şahid olanlar Valeh Çıraqmuğanlı, Pənah Rüstəmov və Elçin Babayev ifadə veriblər. Şahid Pənah Rüstəmov ifadəsində deyib ki, hadisə günü küçədə evinin yanında dayandığı zaman Yusif Babayev onun yanına gəlib və çay içməyi təklif edib: "Əlində bıçaq var idi, amma bıçaqda qan yox idi. Çay içəndə dedi ki, Ramizi vurmuşam". Şahid əlavə heç nə bilmədiyini söyləyib.

Zərərçəkən Şövkət İbrahimov istintaqa ifadəsi məhkəmədə elan olunub. O, taksi fəaliyyəti ilə məşğul olduğunu istintaqda deyib: "Xaçmazdan Qubaya müştəri aparırdım, Qubada maşını saxlayıb marketə girdim. Dükanda olanda sərnişinlərdən biri qışqırdı ki, maşını apardılar. Sonradan bildim ki, Yusif Babayev maşını qaçırıb".

Prosesin davamında məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxış edərək Y.Babayevin 19 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının 4 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib.

"Maşını oğurlamamışam. Sadəcə sürüb getmişəm, maşından heç nə götürməmişəm. Ramizi də qəsdən öldürmədim. İçmişdim, özümü idarə edə bilmirdim. Mənim üstümə bıçaq çəkmişdi, onu qorxutmaq istəyirdim. Dayım nəvəsi idi" - deyən təqdirləndirilən şəxs əməlindən peşman olduğunu deyib.

Təqdirləndirilən Y.Babayevin vəkili müdafiə etdiyi şəxsin psixoloji problemlərinin olduğunu və buna görə psixi müalicə aldığını deyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Kollegiyanın hökmü ilə Yusif Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 2 ilini həbsxana rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmədə o da məlum olub ki, kənd sakinləri məhkəmədə şahid qismində ifadə verərkən Y.Babayevin kənddə çay qırağında bıçaqla divarlara "Lotu Yusif", "Hamı məndən qorxsun" yazıb.

Qeyd edək ki, hadisə 2016-cı ilin noyabr ayında Quba rayonunun Barlı kəndində baş verib. Kənd sakini, 37 yaşlı Ramiz Məmmədov qohumu, 1961-ci il təvəllüdlü Yusif Babayev tərəfindən bıçaqlanıb. O, dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılsa da əməliyyat otağına dünyasını dəyişib. Mərhumun 3 uşağı olub.

RePost.Az


Baxış sayı: 4435 | Tarix: 24.05.2017
Bizi Telegramda izləyin: @repostaz