Öncədən qeyd edək ki, dövlət başçısı bu tip halları kəskin surətdə tənqid edir və dəfələrlə xəbərdarlıq edib: "Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".
 
RePost.Az ölkə.az-a istinadən, atalarının işdən qovulmasına səbəb olan "gül balalar"ın siyahısını təqdim edir.
 
1. Bir neçə gün əvvəl işdən qovulan və sərəncama göndərilən general Novruzəli Orucov
 

 
Novruzəli Orucovun oğlu bir neçə il əvvəl avtomobil ilə piyadanı vuraraq ölümünə səbəb olmuşdu. Məhkəmənin hökmü ilə 4 il azadlıqdan məhrum edilsə də, 2 il sonra şərti olaraq azadlığa buraxılmışdı. Bu yaxınlarda isə 85 saylı avtobus sürücüsünü təqib edərək döydüyü üçün yenidən gündəmə gəldi. Amma bu dəfə gündəmə gəlməsi ilə bərabər atasını da gündəmə daşıdı. Kiçik Orucovun əməli dövlət başsının qəzəbinə səbəb oldu və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucov sərəncama göndərildi. Dövlət başçısı cənab İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi ki, belə bir hallar yolverilməzdir və qudurğan məmur övladlarının valideynləri cəzalandırılacaq.
 
2. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov
 

 
2013-cü ildə İsmayıllı rayonunda baş verən insident çoxlarının yadındadır. Eyni ilin yavar ayında nazirin oğlu Vüqar Ələkbərov İsmayıllı rayon sakinlərini təhqir etmişdi. Bu isə rayon sakinlərinin kəskin etirazına səbəb olmuş, böyük narazılıq yaranmışdı.
 
Etirazlar nazir balasının "Çıraq" otelinin və bir neçə bahalı avtomobilinin yandırılması ilə nəticələnmişdi. Bu hadisədən bir müddət sonra Füzuli Ələkbərov postu ilə vidalaşdı.
 

3. İsmayıllı rayonunun sabiq icra başçısı Nizami Ələkbərov
 

 
 
Nizami Ələkbərov həm də eks əmək və sosial müdafiə naziri Füzuli Ələkbərovun qardaşıdır. İsmayıllı hadisələrindən sonra Nizami Ələkbərov tutduğu vəzifədən azad edildi.
 
4. Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəis müavini Mübariz Mədətov
 

 
Mübariz Mədətov da övlad özbaşınalığına görə işindən məhrum olan məmurlardandır. Onun oğlu Xalid Mədətov içkili vəziyyətdə "Galendawagen" markalı avtomobili ilə qəza törətmişdi. Qəza nəticəsində isə musiqiçi Ağasəlim Abdullayvin həyat yoldaşı və nəvəsi həlak olmuşdu. Bu hadisədən sonra Mübariz Mədətov işdən uzaqlaşdırıldı.
 
5. Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyev
 

Fəxrəddin Əliyev də övladına yarayıb, övladından yaramayan atalardandır.
 
Onun oğlu Məhərrəm Əliyev 2015-ci ilin dekabr ayında Qaradağ rayonu, Lökbatan qəsəbə sakinləri ilə mübahisə etdikdən sonra "Vinçester" markalı tüfəngdən atəş açıb. Nəticədə mübahisədə iştirak edən qəsəbə sakinləri xəsarət almışdı. Məhərrəm və dostu Samir tutulmuşdu. Fəxrəddin Əliyev isə işdən azad edildi.
 
6. Gəncə 2 saylı dövlət notariat kontorunun dövlət notariusu Nəsib İmanov

 
Nəsib İmanov da oğlunun güdazına gedən məmur atalardandır. Onun oğlu Vasif İmanov sərxoş vəziyyətdə sükan arxasına keçib və polisə tabe olmayıb. Hələ bu da azmış kimi, polis əməkdaşlarını söyüb, onlara müxtəlif bədən xəsarətləri yetirib. Nəticə isə məlumdur, atası işdən uzaqlaşdırıldı.
 
7. Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənov
 

 
Əliməmməd Həsənovun oğlu polis forması geyinsə də, avtoxuliqanlıqla məşğul olub. Tural Həsənov Zığ şossesində dostu ilə yarışa çıxıb və nəticədə dəfələrlə qəza vəziyyəti yaradıb. Bundan sonra daxili işlər nazirinin əmri ilə işdən qovulub. Onun atası da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib.
 
8. Tərtər rayon icra başçısının sabiq birinci müavini Vidadi Bəylərov
 

 
Vidadi Bəylərov da övladından yarımayan atalardandır. Onun yeniyetmə oğlu Elxan Bəylərli də avtoxuliqanlıq edib. Bir nəfərlə ötüşə çıxan Elxan onu sıxaraq qəza törətməsinə və nəticədə həlak olmasına səbəb olub. Bu hadisədən sonra Vidadi Bəylərov da kreslosu ilə vidalaşmaq məcburiyyətində qaldı.
 
9. Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin keçmiş rəisi Ramiz Nəbiyev 

 
 
Ramiz Nəbiyev də övladının dəbdəbəli həyat tərzi sürməsinə görə işini itirənlərdəndir. Onun oğlu Elvin Nəbizadə sosial şəbəkədə müxtəlif lüks markalı avtomobillərini nümayiş etdirib. Bu isə həm sosial şəbəkədə, həm də mətbuatda geniş müzakirələrə səbəb oldu. Hadisədən sonra Ramiz Nəbiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
 
10. Eks-deputat, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucov
 

 
Ayaz Orucov Fonddan yeyintiyə görə uzaqlaşdırılsa da, övladına görə də başı az ağrımayıb. Onun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, "Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, "Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb. 
 

 
Həmin vaxt "Nissan Juke”də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. Bu hadisədən sonra Ayaz Orucov bir daha deputat seçilməyib.
 
11. Salyanın keçmiş icra başçısı Tahir Kərimov

 
Yox, Tahir Kərimov övladına görə işdən qovulmayıb. Əksinə, Tahir Kərimov övladının gül kimi işini zay edən papalardandır. Eyni zamanda bu zay etmə gül məsələsi ilə olduğu üçün diqqətimizdən kənarda qala bilməzdi. Mətbuatı və sosial şəbəkələri yaxından izləyənlər bilir ki, Tahir Kərimov bir qrup məktəblinin əllərində saxladığı gül tağının altından keçir. Bu isə geniş rezonansa və müzakirələrə səbəb olmuşdu. Hadisədən sonra isə ölkə başçısının sərəncamı ilə Tahir Kərimov tutduğu vəzifədən azad edilib.

Bu hadisədən sonra Kərimovun oğlu da işdən qovuldu. Beləcə, Tahir Kərimov gül tağı ilə övladının gül kimi işini zay edən məmur papa kimi tarixə düşdü.

Baxış sayı: 5480 | Tarix: 13.07.2017
Bizi Telegramda izləyin: @repostaz