Danışmaq və ünsiyyət qurmaq insanın sosial həyatında əhəmiyyətli və vacib proseslərdən biridir. Aydın və səlis danışıq, sözləri düzgün tələffüz edərək qarşı tərəfə çatdırmaq təqdirəlayiq haldır. Amma cəmiyyətdə danışıq qüsurlu, hansısa səsləri düzgün tələffüz etməyən, kəkələyən insanlar da var. Bu isə onların cəmiyyət arasında kompleksə düşmələrinə, özlərini narahat hiss edərək ünsiyyətdən qaçmalarına və sair kimi neqativ hallara yol açır. Demək olar ki, son zamanlar bu hal kiçik yaşlı uşaqlar arasında da geniş yayılıb. Əksər valideynlər övladının hətta 3 və daha yuxarı yaşda olmasına baxmayaraq, danışa bilməməsindən şikayətçidirlər. Həmin uşaqlar arasında elələri də var ki, nəinki danışa bilmir, hətta körpəyə məxsus sadə səsləri belə çıxarmırlar. Mütəxəssislər bu qüsurların zamanında aradan qaldırılmadığı təqdirdə qalıcı durum olacağı barədə valideynlərə ciddi şəkildə xəbərdarlıq edirlər. Onlar həmçinin nitqdə ləngiməyə bir çox məsələlərin səbəb olduğunu söyləyirlər.
 
RePost.Az xəbər verir ki, lent.az-a bu dəfə uşaqlarda nitqdə ləngimənin səbəblərini araşdırmağa çalışıb.
 
"2 yaşlı uşaq ən az 6 istiqamətdə söz deməlidir"
 
Nevropatoloq Rima İbadova deyir ki, əgər 2 yaşlı uşaq ən azı 6 istiqamətli söz demirsə, bu, artıq problemdən xəbər verir: "Bildirim ki, uşaqda olan eşitmə, tiroid funksiya problemləri, bəzi qıcolma formaları, bir sıra genetik, metobolik inkişaf problemləri nitqdə ləngimə verə bilər. Buna görə də valideynlər bu hallarda ilk öncə nevroloqa müraciət etməlidirlər. Bu zaman həkim diaqnozu dəqiq qoymaq üçün bəzi müayinələr istəyəcək. Aparılan müayinənin nəticəsindən asılı olaraq hər zaman dərman müalicəsi lazım olmaya bilər. Bəzən sadəcə psixo pedaqoji və loqopedik məşqlərlə problemi həll etmək mümkün olur. Burada əsas odur ki, uşağa vaxtında və doğru diaqnoz qoyulsun. Buna görə də valideynlər gözləməsinlər və həkimə vaxtında müraciət etsinlər".
 
"Uşaqları televizor qarşısından yığışdırın"
 
Defektoloq-loqoped Qönçə Ağayeva bildirir ki, hazırda uşaqlar daha çox elektron vasitələr qarşısında zaman keçirdikləri üçün nitqləri passivləşir. Onlar ünsiyyətdən qaçdıqları üçün nitqləri inkişaf etmir, özünəqapanmalar baş verir. Uşaqlar jestlərdən və mimikalardan istifadə edərək, asan yolla ünsiyyət qurmağa başlayırlar. Hərəkətlərlə, göz-qaşla qarşı tərəfə öz fikirlərini izah etməyə çalışırlar. Bu səbəbdən də hazırda əksər uşaqların nitqində gecikmələrə rast gəlinir. Yaxud danışan zaman nitqində qüsurlar formalaşır: "Məsələn, uşaq su əvəzinə fu deyir, səsləri digər səslərlə əvəz edir. Yaxud həmin səsləri ümumiyyətlə deyə bilmir. Bunun üçün valideynlər uşaqları televizor qarşısından yığışdırmalı, onlara telefon verməməlidirlər. Valideynlər bacardıqca uşaqlarla ünsiyyət qurmalıdır. Nə qədər çox danışdırsalar, nəticə bir o qədər yaxşı olacaq. Belə uşaqları bağçaya, idmana, rəqsə qoysunlar. Yəni uşaqlarla daha çox ünsiyyətdə ola biləcəkləri bir cəmiyyətdə olsunlar. Bu zaman onların söz ehtiyatı artacaq və başlayacaqlar cümlə qurub öz fikirlərini ifadə etməyə. Əks təqdirdə uşaqların ünsiyyət lüğəti az olduğu üçün fikirlərini də ifadə edə bilməyəcəklər".
 
Loqoped vurğuladı ki, uşaqların nitqi zəka ilə bağlı formalaşır: "Valideynlər uşaqlarının zəka yaşına baxsınlar və onları öz yaşıdları ilə müqayisə etsinlər. Uşaqda çatışmazlıq varsa, valideyn bunu təyin edə biləcək. Bu halda mütləq mütəxəssis köməyinə ehtiyac var. Birinci növbədə psixoloqa müraciət edilməlidir. Psixoloq dəyərləndirmə edərək uşağın bioloji yaşı ilə zəka yaşının fərqini müəyyən edəcək. Bundan sonra biləcək ki, uşaqda bioloji yaşla zəka yaşı paralel inkişaf edir, ya yox. Əgər paralel şəkildə inkişaf edirsə, problem yalnız nitqdir, ünsiyyətdir. Onda loqopedə daha çox üstünlük verilməlidir. Əksinə, zəka yaşı ilə bioloji yaş arasında geriləmə hiss olunarsa, o zaman pedaqoji işlə loqopedik iş paralel aparılır. Bu zaman pedaqoji yöndə inkişaf olmalıdır ki, uşağın zəka səviyyəsi gəlib bioloji yaş səviyyəsinə çatsın. Uşağa sual verən zaman düzgün şəkildə cavablandıra bilsin. Eyni zamanda bu işlər psixoloqla bərabər aparılmalıdır. Psixoloq müayinə etməli, düzgün diaqnoz qoymalı və bundan sonra problem həll olunmalıdır".
 
"Kəkələmələrdə 80 faiz yaxşı nəticə almaq mümkündür"
 
"Valideynlər bilməlidirlər ki, uşağın inkişaf səviyyəsi necə olmalıdır. Yəni hansı yaş dövründə uşağın neçə söz ehtiyatı olmalıdır. Bildirim ki, 1 yaşa qədər uşaq təxminən 10 söz bilməlidir. Yaş yarım, iki yaşlı uşaqların isə 40-a qədər söz ehtiyatı olur. 3 yaşa qədər uşaqlarda isə 200-ə qədər söz ehtiyatı olmalıdır. Yaş səviyyəsi artdıqca söz ehtiyatı da artır", - deyə Q.Ağayeva məlumat verdi.
 
Defektoloqun sözlərinə görə, uşaqda olan nitq ləngiməsi anadangəlmə səbəbdirsə, bu zaman nevropatoloq, psixoloq, loqoped üçlü formada işləməlidir: "Qoyulan diaqnozun nəticəsindən asılı olaraq biz uşaqdakı nitq qüsurunu konkret olaraq nə qədər müddətə aradan qaldıra biləcəyimizi müəyyən edə bilirik. Əksər hallarda biz uşağın nitqinin düzəlməsinə zəmanət veririk. Kəkələmələrdə isə 80 faiz yaxşı nəticə ala bilirik. Burada əsas odur ki, valideyn bizim tapşırıqlarımızı dəqiq yerinə yetirsin".
 
3 yaşına qədər uşaqlar texnoloji vasitələrdən uzaq durmalıdır
 
Problemin psixoloji məqamlarına aydınlıq gətirən psixoloq Narınc Rüstəmova bildirir ki, nitqində ləngimə olan uşaqlarda nevroloji problemlərdən əlavə əsas səbəb texnoloji amillərdir: "Bu problemin yaranmasında televizor, planşet, telefonun rolu kifayət qədər çoxdur. İnanın ki, saydığımız bu vasitələrə aludəçilik yaranandan sonra uşaqlarda nitq ləngiməsi çox müşahidə edilir. Bunlar bir tərəfdən ünsiyyət vasitəsidir, amma uşaqların alıcı nitqi formalaşır, verici nitqi formalaşmır. Buna görə də uşaq informasiyanı alır, amma ötürmədiyi üçün onun nitqi passivləşməyə başlayır. Məsələn, uşaq kiminləsə danışsa, onun emosiyalarına uyğun olaraq reaksiya verəcək və bununla da uşaq yavaş-yavaş ünsiyyətə təşviq olunacaq. Amma saydığımız texnoloji vasitələr buna mane olur, zaman keçdikcə passivləşdirir və uşağın ağız aparatı yatır. Buna görə də 3 yaşına qədər uşaq bu vasitələrdən tamamilə uzaq tutulmalıdır. Həmin yaşdan sonra 20 dəqiqə olmaqla istifadə edə bilər. Amma reallıqda adıçəkilən cihazlar dayə rolunu oynayır. Ana uşağı qoyur televizorun qabağına və başlayır iş görməyə. Gün bitir və bir də ayılır ki, uşaq televizorun qabağında necə sakit oturub. Hətta ana bu haldan çox məmnun olur. Deyir, televizor, planşet olmayanda uşaq mənə "qan uddurur".  Bu hal əslində uşaqda davranış pozuntularından xəbər verir".
 
N.Rüstəmovanın sözlərinə görə, problemin yaranmasına səbəb olan amillərdən biri də uşaqlara verilən əmziklərdir: "Bu vərdişlər və bir də ana südünü uzun müddət yeyən uşaqlarda həmin hallar ağız aparatı rolunu oynadığına görə, uşağın öz ağız aparatı, dişləri, damağı üçün problemlər yaradır. Bu vərdişlərin hamısı nitq ləngiməsinə səbəb olur".
 
"Valideynlər uşaqları ilə zaman keçirmirlər"
 
Psixoloq məlumat verir ki, ünsiyyətsizlik problemi də nitq ləngiməsini yaradan amillər arasındadır: "Valideynlər uşaqları ilə zaman keçirmirlər. Məsələn, uşağın 3 yaşı var danışmır. Soruşuram ki, onun gündəlik qrafiki nədir? Deyir, uşaq səhər durur, yeyir, televizora baxır. Amma şikayət edir ki, uşaq oyuncaqlarla oynamır. Sual verirəm ki, ona necə oyuncaqlar almısız? O da deyir ki, məsələn, yekə ayı, yaxud bir gəlincik. Axı üç yaşlı uşaq hələ anlamır gəlincik nədir. Hər bir uşağın öz yaşına uyğun oyuncaqları və oynama şəkli var. Valideyn bilməlidir ki, uşağın əli nə qədər aktivdirsə, oyuncaqlarla oynayırsa, onları sürtür, qırır, qopardır, yığırsa, bu, uşağın ümumi inkişafına, o cümlədən nitqinə müsbət təsir edir. Uşaq kəşf edə biləcəyi oyuncaqla oynamalıdır. Rəngli, yerə atanda səs çıxara bilən, görə biləcəyi iri detallı oyuncaqları olmalıdır. Xırda detallar olmaz, çünki kiçik yaşlı uşaqlar onları uda bilər və nəfəs yoluna düşər. Amma valideyn bu mədəniyyəti uşaqda formalaşdırmır və onu qınayır. Əgər ana dizini yerə qoyub uşaqla oynamırsa, ancaq televizora baxır, yaxud planşetlə məşğul olursa, o zaman uşaq da oyuna həvəs göstərməyəcək. Əksər hallarda baxırıq ki, uşağın heç bir nevroloji problemi yoxdur, amma nitqi ləngiyir. Bu isə sadaladığımız problemlərin nəticəsidir.
 
Bu gün uşağın nitqinin ləngiməsinə səbəb olan amillər arasında üçüncü, dördüncü yerdə vasvası analar durur. Analar ev təmizləməkdən uşağa zaman ayıra bilmirlər. Bu da onu göstərir ki, cəmiyyətimizdə nevroz kifayət qədərdir. Ona görə də bizə ailə institutları lazımdır. Necə ki, gənclər tibbi sığortadan keçir, eynilə də psixi müayinələrdən keçməlidir. Bu, onların ana, ata kimi yetişməyinə kömək edər".
 
RePost.Az

Baxış sayı: 6791 | Tarix: 24.07.2017
Bizi Telegramda izləyin: @repostaz