İspaniyanın Kataloniya əyalətində müstəqilliklə bağlı referendum keçirilib. Amma referendum günü seçki məntəqələri açılmayıb.
RePost.Az polis qüvvələri məntəqə binalarını nəzarətə götürüb. İspaniya polisi Kataloniyada müstəqillik referendumu zamanı seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan məktəblərin əksəriyyətini bağlayıb. Polis əməkdaşları 2315 məktəbdən 1300-nü bağlamağa müvəffəq olub və səsvermə üçün qoyulan seçki qutularını yığışdırmağa başlayıb. Səsvermənin təşkil olunacağı daha 163 məktəb binası referendum tərəfdarları tərəfindən zəbt edilib. Kataloniya muxtariyyətinin hakimiyyəti isə səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilər.
Bəzi seçki məntəqələrində isə polislə toqquşmalar başlayıb. Toqquşmalarda 840-dan çox insan xəsarət alıb. Bu barədə yerli səhiyyə orqanları məlumat yayıb. Polis seçki məntəqələri yaxınlığına toplaşanlara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Barselona küçələrində xəsarət almış insanlar görüntülənib. İspaniya Daxili işlər nazirliyinin məlumatına əsasən, Kataloniyada baş verən toqquşmalarda 33 asayiş keşikçisi xəsarət alıb.
İspaniyanın iri şəhərlərində isə on minlərlə şəxs Kataloniyada oktyabrın 1-də keçiriləcək müstəqillik referendumuna qarşı etiraz eyləmlərinə qoşulub. İspaniyanın bütövlüyünə dəstək eyləmlərindən ən irimiqyaslısı Madridin Sibeles meydanında keçirilib.Eyləmdə “İspaniya vahiddir”, “İspaniya bütöv qalacaq, Kataloniya İspaniyadır” və “İspaniya vahiddir və heç zaman məğlub olmayacaq” şüarları səsləndirilib. Etirazçılar Kataloniya hökumətinin rəhbəri Karles Puçdemonu həbs etməyə çağırıb.
Bir qədər sonra isə İspaniyanın baş nazirinin müavini Sorayya Saens de Santamariya Kataloniya muxtariyyətinin rəhbərliyinə referendumu dərhal dayandırmaları ilə bağlı müraciət edib və polisin müdaxiləsinin qanun çərçivəsində olduğunu qeyd edib.
Kataloniya hakimiyyəti isə İspaniya hökumətinin region üzrə nümayəndəsi Enrika Miyonu repressiyada günahlandıraraq onun təcili istefasını tələb edib. Bu gün Barselonada keçirilən mətbuat konfransında Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul bildirib.J. Turul deyib ki, Kataloniyada dövlət repressiyasına birbaşa E. Miyo məsuliyyət daşıdığı üçün yalnız onun istefasını tələb edirlər.
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Kataloniyada baş verən hadisələr fonunda etirazçıları İspaniya anayasına riayət etməyə çağırıb. Bu barədə o, "Twitter" mikrobloqunda yazıb. "Kataloniyada referendum İspaniya hökuməti və xalqının öz işidir. Əsas odur ki, İspaniya anayasına riayət olunsun və qanun aliliyi qorunsun", — deyə o əlavə edib. Bundan əlavə, Böyük Britaniyanın XİNaziri qeyd edib ki, İspaniya Londonun tərəfdaş və müttəfiqidir.
Qeyd edək ki, Kataloniyada müstəqillik referendumu ilə əlaqədar səsvermə artıq başa çatıb. Səsvermədə seçicilərin 50%-dən çoxu iştirak edib. İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumda müstəqillik tərəfdarları qalib gəlib. Bunu Kataloniya hökumətinin rəsmi nümayəndəsi Jordi Turul Barselonada keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, səsvermədə iştirak edənlərin 90%-i müstəqilliyin lehinə səs verib. “2 milyon 20 min 144 nəfər İspaniyadan ayrılmaq qərarı verdi. Demək olar ki, bu, referendumun yekun nəticələridir”, - deyə J.Turul qeydı edib. Seçici fəalliğı ilə bağlı dəqiq məlumat hələ ki, məlum deyil.
RePost.Az