Qərargah: Uçmuş estakadanın qalıqları arasında itkin düşmüş neftçilərin olduğu ehtimal edilir
 
Xəzərdə itkin düşmüş neftçilərin axtarış-xilasetmə əməliyyatına bir neçə ədəd “DRON” tipli pilotsuz uçan aparat cəlb olunub.
 
RePost.az xəbər verir ki,bu barədə İstiPress-ə Axtarış-xilasetmə Qərargahından  məlumat verilib.
 
Bildirilir ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
 
SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları əsasən estakadanın uçub dənizə töküldüyü yerdə təmizlənmə işində yaxından iştirak edirlər. 100 ton yükgötürmə qabiliyyətinə malik olan “Şirvan-3” kran gəmisi vasitəsilə uçmuş estakada qalıqlarının çıxarılması həyata keçirilir. İndiyə kimi, çoxsaylı qaldırma əməliyyatları ilə estakada qalıqlarının müəyyən hissəsi sudan çıxarılıb. 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq bu istiqamətdə işlər davam etdirilir. Estakada qalıqlarının təmizlənməsində məqsəd, qalıqlar arasında itkin düşmüş neftçilərin olma ehtimalıdır. Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri sutka boyu, ehtimal olunan bütün istiqamətlər üzrə növbəli şəkildə axtarış-xilasetmə işlərində iştirak edir. Eyni zamanda, göyərtəsində heyətsiz sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov” və “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmiləri vasitəsilə ətraf akvatoriyanın sualtı hissəsi yoxlanılır.
 
Müdafiə Nazirliyinə və Dövlət Sərhəd Xidmətinə məxsus olan bir necə ədəd “DRON” tipli pilotsuz uçan aparatlar helikopterlərlə yanaşı, müəyyən olunan sektorlarda axtarış-xilasetmə əməliyyatına cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti 2 ədəd 6 metrlik qayıqda 6 nəfər dalğıc, nazirliyin N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyət olmaqla Qobustan rayon ərazisində və bütün sahilboyu ərazilərdə vizual axtarışlara cəlb olunub.
 
Qeyd edək ki, Xəzərdə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyiti tapılıb. Bu, İlham Əlihüseyn oğlu Qafarovun meyitidir. “Meyit “Ələt-41”-in ərazisində tapılıb.
 
RePost.az
 

Baxış sayı: 5879 | Tarix: 22.12.2016
Bizi Telegramda izləyin: @repostaz