Qubada itkin düşmüş "Gilavar" hava və ekstrim idman klubunun alpinistləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-dən başlanan axtarış işləri davam edir.
RePost.Az-ın məlumatına görə, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb. Axtarışlar Quba rayonunda yüksək dağlıq ərazidə mürəkkəb meteoroloji şəraitdə aparılır.
FHN tərəfindən təşkil olunan axtarış işlərinə aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər cəlb olunmuşdur.
Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.
RePost.Az