Yanvarın 5-də İranın bir neçə şəhərində, ölkədə hakim olan molla rejiminə və onun başçısı Əli Xamneyiyə qarşı xalq etirazları davam edib. Etirazlar, paytaxt Tehran, Kamyaran, Ərak, Dezful, Rəşt, Əhvaz, Sənəndəc, Təbriz, Kaşan, Takistan, Bukan, Xomeyn, İsfahan və digər şəhərlərdə keçirilib. 
 
RePost.Az-ın Günaz TV-yə istinadən verdiyi məlumata görə, Ərak şəhərində gecə saatlarında hakimiyyətə qarşı şüarlar səsləndirərək küçələrə axışan minlərlə etirazçı, şəhər fərmandarlığı binasını ələ keçiriblər. Kaşanda, isə etirazçılar küçələrdəki zibil qablarını yandırıblar. Hakimiyyət və molla rejiminə qarşı eyləmlər, Qəzvin, Xomeyn və İsfahan şəhərlərində də davam edib. Ruhani və Xamneyiyə ölüm şüarları səsləndirən eyləmçilər İsfahanın Cuyabad məntəqəsində “Bəsic” qərargahının binasına od vurublar. Onlarla eyləmçi, polis və mülki geyimli əmniyyət qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. 
 
Elə həmin gün Tehran əyalətinin bütün şəhərlərində, Cümə namazından sonra hakimiyyətə dəstək aksiyası keçirilib. İştirakçılar son günlər bəzi şəhərlərdə rejim əleyhinı keçirilən eyləmləri pisləyiblər. 
 
Xatırladaq ki, on günə yaxındır İranın 70-dən çox şəhərində hakimiyyətə və Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilir. Hakim rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilir, onların hakimiyyətdən getməsi tələb olunur. Etirazlarda ən azı 25 nəfər ölüb, onlarla eyləm iştirakçısı yaralanıb, 1000-dən çox insan həbs edilib. 
 
RePost.Az
 


Baxış sayı: 4872 | Tarix: 06.01.2018
Bizi Telegramda izləyin: @repostaz