Mərhum jurnalist Zabil Müqabiloğlunun kitabı dərc olunacaq. Bu barədə jurnalistin bacısı Sevinc Əliyeva RePost.Az-a məlumat verib. O, təşəbbüsün necə yaranmasından söz açıb:
“Bildiyiniz kimi Zabil Müqabiloğlu jurnalistika sahəsində öz sözünü demiş, tanınmış jurnalist idi. Zabil şeirlər və hekayələr yazırdı. Onun bir neçə şeir və hekayələri həyatı kimi yarımçıq qaldı. Digər tərəfdən, istədim ki, Zabilin bir çox yaxın jurnalist dostları onun haqqında maraqlı xatirələrini yazsınlar.
Zabil çox vətənpərvər insan idi və ən böyük arzulardan biri Qarabağa, doğma Zəngilana qayıtmaq idi. Təəssüf ki, ömür vəfa eləmədi. Onun ölümündən sonra bir oğlu qalıb. Buna görə Zabilin kitabının çıxması üçün çox çalışdım. İnşallah 2018-ci ilin fevral ayında kitab dərc olunacaq”.
S.Əliyeva qeyd edib ki, kitabın çıxmasında ona bir neçə jurnalist dəstək olub:
“Kitaba Zabilin xarici səfirlərlə çəkdirdiyi, bir çox tədbirlərdən olan şəkillərini yerləşdircəyik. O cümlədən kitabda onun şeir və hekayələri, yaxın dostlarının xatirə yazıları öz əksini tapacaq.
Zabilin kitabının çıxmasında mənə jurnalist dostları Həbibə Abdulla, Famil Cəfərli və Xalid Kazımlı dəstək olub. Hər birinə öz təşəkkürümü bildirirəm. Bu işdə xüsusilə də jurnalist Həbibə Abdullanın əziyyətləri oldu”.
Uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən Z.Müqabiloğlu 2017-ci il fevralın 27-də vəfat edib.
RePost.Az