Kemerovoda həyatını itirənlərin yaxınları kinoteatrda qapıları kimin bağladığını öyrəniblər.
Rəsmi məlumatlara görə, 67 nəfərin həyatını itirdiyi Kemerovo şəhərindəki “Zimnyaya vişnya” (“Qış albalısı”) ticarət mərkəzində yanğın baş verdiyi zaman içərdə uşaqların cizgi filmi seyr etdiyi kinoteatrın qapısını tamaşaçılardan biri bağlayıb ki, xilasedicilər gələnə qədər orada qalsınlar.
Bu barədə yanğında bütün ailə üzvlərini itirmiş Kemerovo sakinlərindən İqor Vostrikov bildirib. Ticarət Mərkəzində quraşdırılmış kameraların videoyazılarını seyr edəndən sonra İnternetdə videomesaj paylaşan İ.Vostrikov əvvəlcə kinoteatrın bütün qapılarının açıq olduğunu iddia edib: “Zalın qapılarının yaxınlığındakı videomüşahidə kameralarının yazısından görünür ki, qapılar bağlı deyildi. Bütün insanlar qaçdı… Yalnız bizimkilər qaldı, çünki orada uşaq cizgi filmi göstərirdilər. Uşaqlar ləngiyirdilər, onlar çıxışa çatanda isə dəhlizi ətrafı tamamilə görünməz edən qatı tüstü bürümüşdü”.
Onun iddiasına görə, qapıları örtmək, aralarını bağlamaq və xilasediciləri gözləmək haqqında qərarı tamaşaçılardan biri qəbul edib. Təəssüf ki, qapını bağlamaq qərarı qəbul edərək onlarla uşağın ölümünə səbəb olan həmin kişinin özü yanğından xilas olub.
Bəzi sosial şəbəkələrdə guya şəhər rəhbərliyinü müdafiə etməkdə günahlandırılan İ.Vostrikov bunu təkzib edərək deyib ki, xilasedicilər vaxtında gəlmədiyi üçün uşaqlar kinoteatrda yanıblar: “Şəhər rəhbərliyini, yanğınsöndürənləri günahlandırıram. Mənə məlum olan odur ki, binanın damını 1 saat yarımdan sonra söndürməyə başlayıblar. Yanğınsöndürənlər hadisə yerinə 40 dəqiqədən sonra gəliblər. Helikopterlə xilasedici heyəti tətbiq edilməyib. Bu yanğının söndürülməsi zamanı qərarları kim qəbul edib?..”
Xatırladaq ki, ticarət mərkəzinin direktoru Nadejda Suddenok da daha əvvəl kinoteatrın qapısını bağlamaq barədə göstəriş vermədiyini söyləyib.
Qeyd edək ki, Kemerovo şəhərindəki ticarət mərkəzində yanğın baş verəndə kinoteatrda cizgi filmi seyr edən 41 uşağın faciəli şəkildə öldüyü bildirilir. Bu faciəyə gərə Rusiya prezidenti V.Putin ölkədə matəm elan edib. (Bizimyolinfo.com)
RePost.Az