Ermənistanda nəşr edilən “Jamanax” qəzeti iddia edir ki, Rusiya bu ölkəyə üçüncü güzəştli silah krediti ayırmağa hazırlaşır. Və bu kredit hesabına Ermənistana “İsgəndər” operativ-taktiki raketlərinin iri partiyası veriləcək.
 
Bundan əvvəl Rusiya Ermənistana silah alınması üçün 200 milyon dollar güzəştli kredit ayırıb. Həmin kredit üzrə nəzərdə tutulan silahların çoxu artıq çatdırılıb. Bunun ardınca isə Rusiya Ermənistana daha 100 milyon dollar güzəştli silah krediti ayırıb. Həmin kredit hesabına hansı silahların alınacağı məlum deyil.
 
Qəzet iddia edir ki, üçüncü kredit əvvəlkilərdən fərqli olaraq tamamilə faizsiz olacaq və onun hesabına Ermənistan “İsgəndər” raket komplekslərinin böyük partiyasını əldə edəcək. Həmin raketlər Azərbaycanda strateji təyinatlı infrastrukturu hədəf alacaq.
 
Erməni qəzetinin iddiasına görə Rusiyanın Ermənistana bu hərbi dəstəyi Azərbaycanın silah təchizatını şaxələndirməsinə, Türkiyə, Ukrayna, Belarus, Pakistan, İsrail kimi ölkələrdən də silahlar almasına cavabdır.
 
Lakin qəzet bu iddianı hansı mənbəyə əsaslandırdığını açıqlamır. Ümumiyyətlə “Jamanax” qəzeti vaxtaşırı olaraq “məlumatlı mənbələrə” istinad edib bir çox “sensasiyalı” xəbərlər yayır. Yaxud Ermənistan hakimiyyəti özünə lazım olan dezinformasiyaları bu qəzet vasitəsilə sızdırır.
 
RePost.Az

Baxış sayı: 4454 | Tarix: 03.04.2018
Bizi Telegramda izləyin: @repostaz