Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə davam edəcək.
RePost.Az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində deyib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə əvvəllər olduğu kimi Azərbaycana bütün sahələrdə dəstək göstərəcək.
Dövlət başçısı bildirib ki, bütün türkdilli dövlətlər münaqişələrin həllinə və dünyada sabitliyin bərqərar olmasına kömək etməlidir.
Qeyd edək ki, 1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.
Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.
1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.
RePost.Az