Gürcüstanda prezident seçkilərində seçici fəallığı 46,74% təşkil edib. Bunu Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze bildirib. O deyib ki, seçkilərdə ümumilikdə 1 milyon 637 min 956 vətəndaş iştirak edib.  
 
Prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,61% səs toplayıb. Məlumata görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,72%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir.
 
Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.
 
Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və "Qirçi" Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb. Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamamış olub. Gürcüstanda prezident seçkilərinin ikinci turu oktyabrın 28-də vaş tutmuş səsvermənin  yekun nəticələri elan edildikdən iki həftə sonra keçiriləcək. Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Tamar Jvaniya məlumat verib.
 
Onun sözlərinə görə, qanuna əsasən, yekun nəticələrin açıqlanması üçün maksimum müddət seçki tarixindən 20 gün sonradır. Qanuna əsasən, seçkilərdə səslərin 50%-dən çoxunu toplayan namizəd qalib hesab olunur. Namizədlərdən heç biri belə nəticə əldə edə bilmirsə, ən yaxşı nəticəyə sahib iki namizəd arasında ikinci tur keçirilir. 
 
RePost.Az

Baxış sayı: 4492 | Tarix: 29.10.2018
Bizi Telegramda izləyin: @repostaz