İstanbulun "Reina" gecə klubunda qətliam törətmiş terrorçu yaxalanıb. "Anadolu" xəbər verir ki, o, İstanbulun Esenyurt rayonu ərazisində mənzildə tutulub.

Məlumata görə, İstanbul Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları şübhəli şəxsin Esenyurt rayonunda bir ünvanda gizləndiyini müəyyən ediblər. Sözügedən ünvanda aparılan əməliyyat nəticəsində Əbdülqadir Maşaripov ilə yanaşı biri Qırğızıstan əsilli kişi, üçü qadın olmaqla daha 4 nəfər saxlanılıb.

Şübhəlilər Vətən küçəsindəki İstanbul Polis İdarəsi Tədris Korpusuna aparılıblar.

"Hürriyet"in məlumatına görə, polis mənzildə axtarış zamanı terrorçunun qətliam müqabilində aldığı ehtimal edilən 150 min dollar nağd pul aşkar edib.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin hüquq-mühafizə orqanları dekabrın 31-də "Reina" gecə klubunda terror aktı törətmiş şəxsin Özbəkistan əsilli Əbdülqadir Maşaripov olduğunu müəyyən ediblər. Terror aktı nəticəsində 39 nəfər ölüb.

 

Baxış sayı: 4511 | Tarix: 17.01.2017
Bizi Telegramda izləyin: @repostaz