Bakıda təcili yardım stansiyasının maşınlarına cərimələr yazılır.
 
RePost.Az-ın məlumatına görə, bu barədə stansiyanın sürücüləri BAKU.WS-ə şikayətlərində bildiriblər. Qeyd edilir ki, çağırışa gedərkən vacib olduğu halda qayda pozanda onlara MMX protokolu təqdim edilir.
 
Məsələ ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə əlaqə saxladıq. Stansiyanın avtobaza müdiri Yaqub Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib ki, ötən ildən başlayaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının maşınlarının sürücülərinə cərimələr gəlir.
 
Onun sözlərinə görə, şəhərdə quraşdırılmış radarlar adi maşınlarla birlikdə təcili yardım avtomobillərini də çəkir və protokollar quruma göndərilir.
 
“Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsindən bizim quruma gün ərzində 10-15 məktub gəlir. Biz onlara da cavab hazırlayırıq. Cavabda bildiririk ki, radara düşmüş maşında hansı sürücü olub və nə üçün qayda pozuntusuna yol verib”.
 
Yaqub Məmmədov deyir ki, göndərilən məktublar yol polisində araşdırılır.
 
“Əgər qayda-qanun tələbinə əməl olunursa, o zaman yazılmış cərimə silinir. Əks halda yazılan cəriməni qayda pozuntusuna yol vermiş sürücü ödəməli olur. Bu barədə mən idarədə olmuşam.
 
Bildiriblər ki, bu barədə Daxili İşlər Nazirliyinə yazmaq lazımdır. Biz də, Elsevər müəllimin qolu ilə Daxili İşlər Nazirliyinə müraciət etmişik. Cavab gəlib ki, təcili tibbi yardım maşınlarının sayrışan işıqları və səs siqnallarını qoşaraq hərəkət etməsi onlara üstünlük vermir”.
 
Yaqub Məmmədov deyir ki, yalnız sürücülər xüsusi tapşırığa gedərkən onlara üstünlük verilir:
 
“Bizdə də, xüsusi tapşırıq xəstə yanına gedərkən verilir. Sonra yazılır ki, patrul xidməti əməkdaşları təcili yardım maşınları üçün şərait yaratsınlar. Məktub Oruc Zalovun imzası ilə təqdim edilib.
 
Hazırda yazılmış cərimələrə xitam verirlər, lakin o dərəcədə yox. Köhnədən yazılan cərimələr qalır. Bu işlə məşğuluq. Hara desələr müraciət edəcəyik. Biz də, sürücülərə və həkimlərə tapşırmışıq ki, vacib olmadığı halda heç bir qayda pozuntusuna yol verilməsin. 
 
Bu yaxında bizim maşınlardan birinə çox böyük məbləğdə cərimə gəlmişdi. Sürücüləri yol polisinə göndərdik. Dedilər ki, qarajdan məktub gətirsinlər. Onlar maşında olan xəstələrin şəkillərilə birlikdə sənəd təqdim etmişdilər. Məktub hazırlamışıq. İndi təqdim edəcəyik”.
 
Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq.
 
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, sürücü qayda pozursa, onun barəsində inzibati qaydada cərimə tətbiq olunur. Onun sözlərinə görə, qayda pozan sürücülər arasında ayrı-seçkilik olunmamalıdır.
 
“Həqiqətən də, çağırışa gedir, yaxud çağırışdan qaydırsa, bu barədə informasiyanı bizə ötürürlər. Bu zaman sürücü inzibati məsuliyyətdən azad olunur.
 
Bu Yol Hərəkəti Haqqında qanunun tələbilə tənzimlənir. Müvafiq sənəd təqdim olunur ki, həqiqətən də, sürücü ağır xəstə aparırdı, o xəstənin həyatda qalması üçün xəta törədib.
 
Təqdim edilən sənəd əsasında həmin təcili yardım sürücüsü inzibati məsuliyyətdən azad edilir. Bütün bunlar qanunla tənzimlənir.
 
Xəstə dalınca gedərkən, yaxud xəstə apararkən təcili yardım maşınının sayrışan işıqları yanmalıdır, lazım gəldikdə, radiocihazdan da istifadə edilməlidir. Belə olduqda, onlar məsuliyyətə cəlb oluna bilməz. 
 
Yolda hərəkət üstünlüyünə malik olan avtonəqliyyat vasitələri var. Onlardan biri də təcili yarıdm avtomobilləridir. Lüzumsuz olaraq onların idarə edilməsi və heç bir səbəb olmadan yol hərəkəti qaydası pozulursa, təbii ki, sürücü məsuliyyətə cəlb olunur”, - deyə Vaqif Əsədov bildirib.
 
RePost.Az

Baxış sayı: 5309 | Tarix: 08.05.2019
Bizi Telegramda izləyin: @repostaz