Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşü olub.
RePost.Az Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, mətbuata qapalı keçən görüş bir saat 40 dəqiqə davam edib. Danışıqların nəticəsinə dair hələlik bəyanat verilməyib. Görüşün əsas mövzusunun Türkiyənin Suriyada apardığı “Sülh çeşməsi” əməliyyatının olması gözlənilirdi.
Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya Türkiyə rəhbərliyini Suriyanın şimalında aparılan əməliyyatı dayandırmağa razı salmaq üçün gəldiyi bildirilir. Nümayəndə heyətinin tərkibinə, həmçinin ABŞ-ın dövlət katibi Maykl Pompeo, Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obraen və Birləşmiş ştatların Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri daxildir.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri oktyabrın 9-da Suriyanın şimalını terrorçulardan təmizlənməsi və sərhədyanı ərazilərdə bufer zonasının yaradılması “Sülh çeşməsi” əməliyyatına başlayıb. Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.