Bu gün ilaxır çərşənbələrdən ikincisi- Od çərşənbəsidir.

Bu çərşənbə xalq arasında “Üsgü çərşənbə”, “Addı çərşənbə” kimi də adlandırılır. Od çərşənbəsinin qeyd edilməsi qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. İnsanlar qədim zamanlardan bugünə kimi hər zaman oda, istiliyə ehtiyac duyublar. Odun kəşf olunması insanları həm vəhşi heyvanların hücumundan müdafiə edib, soyuqdan, donmaqdan xilas edib, həm də gündəlik məişətdəki işləri rahatladan ən mühüm vasitələrdən biri olub. Elə qədim dövrlərdən türk xalqlarında da günəşə, oda, atəşə böyük hörmət, inam olub. İnsanlar odu qoruyub, ocağı illərlə sönməyə qoymayıblar. Oda andlar içilib, müxtəlif mərasimlər təşkil edilməklə, insanlar öz şükranlıqlarını ifadə ediblər.

AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev RePost.Az-a Od çərşənbəsindən danışıb.

“Od çərşənbəsində odun, tonqalın yandırılması həm qışın soyuğundan xilas olmaq, həm də gələcək ilin isti, bərəkətli keçməsinə işarə edilir. El arasında yayılan adət-ənənəyə görə Od çərşənbəsində tonqal qalayıb, üç dəfə “Ağırlığım, azarım-bezarım odda yansın” deyərək, odun üstündən tullanmaqla xəstəliklərdən xilas olunur, azar-bezarları yandırırlar. Digər üç çərşənbədə olduğu kimi, od çərşənbəsində də yeməklər, şirniyyatlar hazırlanmalı, ocağın üstü boş qalmamalıdır”.

Qədim zamanlardan dağ başında qalanan tonqallar çərşənbənin, birliyin xəbərçisi sayılardı. Bu adətin indidə Naxçıvanın Şərur rayonunda qaldğını deyən folklorşünas bildirir ki, Türk xalqları dağ başında tonqal qalamaqla, oddan həm şad günlərində şənlənməyə, həm də düşmənin hücumu zamanı müdafiə olunmağa toplaşmaq üçün işarə verirmişlər:

“Məsələn, “Dədə Qorqud” filminin sonunda Dədə Qorqud Bamsı Beyrəyin oğluna deyir ki, “Bir tonqal qalayanda elimiz şənliyə yığışır, iki tonqal qalayanda basqından, yağı hücumundan qorunmağa yığışır. Üç tonqal qalayanda zəhmətə toplaşırıq”. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır”.
Od çərşənbəsi ayin və mərasimlərindən biri günəşi çağırmaq, istiliyin olması üçün icra edilən “Qodu-qodu” oyunudur. “Qodu-qodu” mərasimində kənd cavanları üzərini qırmızı bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzərək nəğmələr oxuyarlar:

Qodu-qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu burdan ötəndə

Qırmızı günü gördünmü?


Qoduya qaymaq gərək,

Qablara yaymaq gərək,

Qodu gün çıxarmasa,

Gözlərin oymaq gərək.

 

Odla bağlı atalar sözləri.

Odu su ilə söndürmək olmaz.

Od çərşəbəsində ocağı boş qoymazlar.

Odsuz ocaq olmaz.

Od ilə oynamaq olmaz.

Odla bağlı xalq arasında inanclar da mövcuddur.

Od hisli olarsa, “uzaqdan qonaq gələcək” deyərlər.

Ocaqda kül titrəyəndə “od xeyirə oynayır” deyərlər.

Ocaq yananda səs çıxırsa, deyərlər ki, kimsə sözünü danışır.

Ocaq sönməyən yerdə məskən salarlar.
 


Baxış sayı: 2592 | Tarix: 28.02.2017
Bizi Telegramda izləyin: @repostaz