Goranboy rayonunda məktəb direktoru müəllimi döyərək xəsarət yetirib.
 
Goranboy rayon Kələk kənd tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranması nəticəsində direktor müəllimi döyərək ona xəsarət yetirib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib ki, rayonun Kələk kənd tam orta məktəbində hadisə baş verməsi ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub:
 
"Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".

Goranboy rayon Qafqaz Məmmədov adına Kələk kənd tam orta məktəbinin direktoru Cahangir Əlabbasov müəllimi döyməsi ilə bağlı məsələyə münasibət bildirib.
 
Direktor oxu.az-a açıqlamasında bildirib ki, müəllimi döyməsi barədə fikir düzgün deyil:
 
“Məsələ hüquq-mühafizə orqanlarında araşdırılır. Müəllimlərin də izahatı alınıb. İbtidai sinif müəllimi Fatma Musayeva ilə bizim mübahisəmiz dərs bölgüsünə görə baş verib. Həmin şəxs sertifikasiya imtahanından cəmi 16 bal toplayıb və müsahibə mərhələsinə də keçə bilməyib. Ona 5 saat dərs düşür, amma ikinci sinif apardığı üçün 14 saat - bölünməyən dərsləri ona verdim. Məktəbdə 10 sinif müəllimi və dörd sinif var. Ona görə də, bir saat dərsi ona əlavə etmədim. Bundan qəzəblənib məni təhqir etdi və döydüyümü iddia etdi”.
 
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, Goranboy rayon Kələk kənd tam orta məktəbinin direktorunun həmin məktəbin ibtidai sinif müəllimini döyməsi ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:
 
“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
 
***12:19

Baxış sayı: 3105 | Tarix: 22.09.2022
Bizi Telegramda izləyin: @repostaz