Son günlər əhali arasında yayılan məlumatda iddia edilir ki, yanvar ayında ölkə başçısı qaz və elektrik qiymətlərinin əvvəlki səviyyəyə qaytarılması haqqında qərar verəcək. Xatırladaq ki, analoji hadisə benzinin qiyməti ilə bağlı başa vermişdi. İndi əhali qazın və elektrik enerjisi tariflərinin əvvəlki səviyyəyə qayıdacağına, ən azı limitlərin artırılacağına ümid edir.
 
RePost.az-ın məlumatına görə, “Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev “Yeni Müsavat”a bildirib ki, qazın qiymətini Tarif Şurası tənzimləyir, bu suala cavab verəcək qurum Tarif Şurasıdır: “Bizim qurum tərəfindən Tarif Şurasına hər hansı təklif verilməyib”.
 
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli də açıqlamasında bildirib ki, rəsmi müstəvidə belə bir müzakirə yoxdur:
 
“Mən belə bir müzakirə eşitməmişəm. Olsa belə ona Tarif Şurası baxmalıdır. Bu haqda məndə rəsmi məlumat yoxdur”.
 
İqtisadçı ekspert Natiq Cəfərli də bunu mümkün hesab etmir:
 
“Bu şayiədən başqa bir şey deyil. Çünki benzinin qiyməti ilə bağlı tez reaksiya verildi. Artım qərarından bir gün sonra əvvəlki vəziyyətinə qaytarıldı. Həmçinin həmin artım büdcə gəlirlərinə daxil edilməmişdi. Burada isə tariflərin artırılması artıq büdcə proqnozlarına daxil edilib. Xatırlayırsınızsa, Milli Məclisdə büdcə qəbul edilərkən büdcənin gəlirlər hissəsi təxminən 300 milyona yaxın artırıldı. Bu addım tariflərin artırılmasından əldə olunacaq gəlirin miqdarına görə atıldı. Bu da o deməkdir ki, gəzən şayiələrin əsası yoxdur. Səbəb isə odur ki, büdcədə dəyişikliklər olmalıdır. Prezident müdaxilə etsə belə yenidən Milli Məclisi toplamalıdır, müvafiq dəyişikliklər olmalıdır, qiymət artımından sonra nəzərdə tutulmuş gəlirlər ləğv olunmalıdır. Əgər belə bir ehtimal var idisə, bu gəlirlər büdcə zərfinə daxil edilməzdi. Bu da gələcəkdə belə bir addımın atılması ehtimalını yüksəldərdi. Bu, şayiədən başqa bir şey deyil. May ayına qədər neftin qiymətində ciddi artım olsa, ölkənin gəlirləri artsa, o zaman may ayında büdcə zərfinə yenidən baxılarkən belə bir qərar verilə bilər. Lakin yaxın gələcəkdə belə bir addımın atılması ehtimalı təəssüf ki, kifayət qədər aşağıdır”.
 
RePost.az

Baxış sayı: 9268