"Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər".
 
RePost.Az-ın məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair xəbərləri şərh edərkən deyib.
 
"Baxıram jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.
 
Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir", - Ə.Amaşov əlavə edib.
 
RePost.Az

Baxış sayı: 2630 | Tarix: 29.11.2017
Bizi Telegramda izləyin: @repostaz