FHN Bakının mərkəzində, metronun “28 May” stansiyasının yaxınlığında baş vermiş partlayışla əlaqədar rəsmi məlumat yayıb.
 
FHN-nin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının (birinci-üçüncü mərtəbələri qeyri -yaşayışdır) zirzəmisində yanğınla nəticələnən partlayış baş verib. Nəticədə, binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 500 m2 olan dəftərxana ləvazimatları mağazasının içərisinin konstruktiv elementləri (satış rəfləri, alkopan konstruksiyalar və tavanı) dağılıb, qapı-pəncərələri çərçivədən çıxıb, binanın ikinci və üçüncü mərtəbələrinin və yaxınlıqda yerləşən bəzi binaların pəncərə şüşələri qismən sınıb. 
 
Partlayış dalğasının təsirindən 100-150 metr əraziyə dağılmış dəftərxana ləvazimatları qismən yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Hadisə zamanı mağazada satıcı işləyən 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
 
RePost.Az
 


Baxış sayı: 2991 | Tarix: 27.01.2018
Bizi Telegramda izləyin: @repostaz