Şərqi Azərbaycan valisi Məcid Xudabəxşlə işğalçı Ermənistanın İrandakı səfiri Artaşeş Tumanyanın görüşü azərbaycanlıların etirazına səbəb olub. 
 
RePost.Az-ın GünAz TV-yə istinadən veridiyi məlumata görə, çərşənbə günü işğalçı Ermənistanın Tehrandakı səfiri A.Tumanyan Təbrizə səfər edərək Şərqi Azərbaycan valisi, Təbrizin Bələdiyyə başqanı, Əli Xamneyinin  Şərqi Azərbaycan nümayəndəsi, Təbriz Universitetinin rəisi və digər yerli məsullarla görüşüb. Görüş işğalçı ölkə ilə Şərqi Azərbaycan Əyaləti arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə keçirilib, rejim tərəfindən Azərbaycana təyin olunmuş məsullar bu istiqamətdə müzakirələr aparıblar.
 
Şərqi Azərbaycan valisi Məcid Xudabəxş tərəflər arasında əlaqələrin inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirərək bunun üçün yüksək potensial olduğunu bildirib. Tehranla İrəvanın isti münasibətindən söz açan vali vurğulayıb ki, Ermənistanla iqtisadi əlaqələrin inkişaf etdirilməsi İslam Cümhuriyyətinin əsas prioritetlərindən biridir.
 
Hökumətin maraqlarını müdafiə edən Şərqi Azərbaycan Əyalətinin digər məsulları da Ermənistan səfiri ilə görüşdə oxşar mövqe sərgiləyiblər.
 
 Azərbaycanın milli mənafeyinin əleyhinə yönələn görüş çox sayda azərbaycanlı sosial şəbəkə istifadəçilərinin etirazına səbəb olub, bir neçə saat ərzində Şərqi Azərbaycan Valiliyinin İnstaqram səhifəsində minlərlə etiraz şərhi dərc olunub. Bundan sonra Valilik İnstaqram səhifəsində etiraz komentlərinin yazılmasına qadağa qoyub. Valilik hətta Ermənistan səfiri ilə görüşün görüntülərini də İnstaqram səhifəsindən silib.
 
Soydaşlarımız yazdıqları şərhlərdə Şərqi Azərbaycanla Ermənistan sərhədlərinin bağlanmasını tələb edərək Ermənistan səfirinin Təbrizə səfər etməsini yerli məsulların türk millətinə xəyanəti kimi xarakterizə ediblər.Azərbaycan Cümhuriyyətinin 20 faiz torpaqlarını işğal altında saxlayan Ermənistan bütün sahələrdə İran rejimi tərəfindən dəstəklənir, İran rejiminin bu hərəkəti hər zaman güney azərbaycanlıların etirazı ilə qarşılanıb.
 
RePost.Az

Baxış sayı: 2323