Bu gün Güney Azərbaycanın ictimai-siyasi həyatının tarixində böyük rol oynayan “21 Azər Hərəkatı”nın 73-cü ildönümüdür. 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub.
 
Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb. Ötən illərdə olduğu kimi, bir neçə gündür sosial şəbəkələrdə Milli Hökumətin quruluşu, süqutu, onun Azərbaycan türk millətinin şüurunda yaratdığı müstəqillik ideyaları kimi mövzular müzakirə edilir.
 
“21 Azər Hərəkatı”nın ildönümü ərəfəsində hər il Güney Azərbaycanda, həmçinin xaric ölkələrdə yaşayan mühacir azərbaycan türkləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilir, Güney şəhərlərində çox sayda CD və bildirilər yayılır. İran rejimi isə planlaşdırılan tədbirlər baş tutmasın deyə müxtəlif bəhanələrlə Milli Hərəkat fəallarını təqib və təzyiqlərə məruz qoyur. 1945-ci il azər ayının 21-də S.C.Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub.
 
Milli hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. Azərbaycan Milli Mökumətinin qurulması İranın müxtəlif bölgələrində azadlıq hərəkatlərinin yaranmasına səbəb oldu. Azadlıq cərəyanlarından vahiməyə düşən İranın mərkəzi hökuməti neft və digər milli sərvətləri dünyanın güclü ölkələrinə bağışlayaraq onlardan Azərbaycan başda olmaqla bütün azadlıq cərəyanlarını məğlub etmək üçün yardım istədi.
 
Təəssüflər olsun ki, Pəhləvi rejiminin bu siyasəti nəticə verdi, və rejimin ordusu Azərbaycana hücum çəkərək milli hökuməti bir il sonra 1946-cı il dekabrın 12-də süquta uğratdı. Mərkəzi hökumətin ordusu Azərbaycanı yenidən işğal etdikdən sonra Azərbaycanda çox sayda hərbçi, dinc sakin, alim, sənətkar və siyasətçi acımazcasına qətliam edildi. Müxtəlif mənbələrdə Pəhləvi ordusu tərəfindən 25 mindən çox azərbaycanlının faciəli şəkildə öldürüldüyü qeyd olunur. Pişəvəri 1947-ci ildə Şimali Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub.
 
O Azadlıq Hərəkatının ən önəmli şəxslərindən biri olub. Onun və silahdaşlarının yaratdığı hökumətin adı Azərbaycan Milli Hökuməti idi və bu, Azərbaycan tarixinə, milli oyanışa əvəzolunmaz töhfələr verib. Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə bir sıra mühüm işləri həyata keçirib.Təbriz Dövlət Universiteti və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi kimi çoxlu işlər görüb. 
 
Nəhayət ki, sosial-iqtisadi islahatların sürətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökümət bir sıra xarici amillərlə yanaşı Tehran rejiminin qanlı müdaxiləsi və qətliamlar törətməsi nəticəsində 1946-cı il dekabrın 12-də süquta uğrayıb. Lakin Azərbaycan xalqı bütün fürsətlərdən istifadə edərək qurtuluş yolundakı milli mübarizəsini davam etdirməkdədir.
 
RePost.Az

Baxış sayı: 5043 | Tarix: 12.12.2018
Bizi Telegramda izləyin: @repostaz