Gürcüstanın azərbaycanlı, osetin, Ukrayna icmalarının və mühacirətdə olan Abxaziya hökuməti nümayəndələrinin təşkilatçılığı ilə işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına etiraz olaraq Tbilisidə Parlament binasının qarşısında aksiya keçirilib. 
 
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya iştirakçıları Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən yenidən raket atəşinə tutulması nəticəsində mülki vətəndaşların, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasını, mülki obyektlərin dağıdılmasını kəskin şəkildə pisləyiblər.
 
Aksiyada çıxış edənlər Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması uğrunda apardığı haqlı müharibəni dəstəklədiklərini bildiriblər. Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib.
 
Aksiya iştirakçıları Gəncə və Mingəçevir şəhərlərinin atəşə tutulması, Gəncədə həlak olan mülki şəxslər arasında qadınların və azyaşlı uşaqların olmasını xüsusi vurğlayıb və dünya ictimaiyyətini erməni terroruna göz yummamağa çağırıblar.
 
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərində gecə saatlarında Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyekrlərə ciddi ziyan dəyib, hər iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 83 dinc sakin ağır yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib.

Baxış sayı: 5252 | Tarix: 18.10.2020
Bizi Telegramda izləyin: @repostaz