Hazırda Azərbaycanda 6 min milyonçu, 260 multimilyonçu, 100 ultramilyonçu və 11 sentamilyonçu yaşayır. Bu qalmaqallı məlumat “Knight Frank” şirkətinin illik “The Wealth Report-2017” məruzəsində yer alıb.
 
RePost.Az xəbər verir ki, “Knight Frank”ın məruzəsinə əsasən, dünyada sərvəti 1 milyardı ötən şəxslərin sayı 2016-cı ildə 60 nəfər artaraq 2024 nəfər olub. Varidatı 30 milyon dollardan artıq olan ultramilyonçuların sayı 6340 nəfər, onların ümumi sayı isə 193,49 min nəfər təşkil edib.
 
"Proqnozlara görə, Rusiyada və MDB ölkələrində milyonçuların sayı, 2026-cı ilə qədər 60% artacaq, amma Azərbaycan və Qazaxıstan artımın səviyyəsinə görə Rusiyaya çatacaq. Beləliklə, regionda ultra milyonçuların sayı 5170 nəfər olacaq", - sənəddə qeyd edilir.
 
“Knight Frank” ekspertləri öz analizlərində həmçinin göstərirlər ki, varlılığın əsas əlamətlərindən biri şəxsi təyyarələrin olmasıdır. Məlumata görə, Azərbaycanda 2016-cı ildə 2006-cı il ilə müqayisədə şəxsi avialayner sahiblərinin sayı 550% artıb (!). Azərbaycanda 10 il əvvəl cəmi iki nəfərdə şəxsi təyyarə var idi, amma keçən ilin nəticəsinə görə artıq bu rəqəm on üçdür. Bu göstəricinin artması üzrə bizim milyonçular dünyada dördüncü yeri tuturlar. Birinci yerdə isə qəribə də olsa, Belarus varlıları gəlir. 2006-cı ildə bu ölkədə xüsusi mülkiyyətdə cəmi bir təyyarə var idi, amma indi Azərbaycanda olduğu kimi on üçdür (1200% artım baş verib).
 
Tədqiqatda Azərbaycanda super varlı insanların sayı üzrə ətraflı məlumatlar yer alıb. Belə ki, ölkədə 2006-cı ildə 1 milyon dollardan yuxarı sərvətə malik olan 2700 insan var idisə, 2015-ci ilə belələri 5600 nəfər, 2016-cı ildə isə 6 min nəfər olub. Proqnoza əsasən, Azərbaycanda dollar milyonçularının sayı 2026-cı ilində artaraq 9600 nəfər olacaq.
 
Əgər 2006-cı ilində 120 multimilyonçu var idisə, 2015-cidə – 240, 2016-cıda 260 nəfər, 2026-cı ilə ölkədə 10 milyon dollardan yuxarı sərvətə malik 420 nəfərin olacağı proqnozlaşdırılır.
 
Ultramilyonçuların sayı 2006-cı ildə 50 nəfər idisə, 2015-ci ildə bu rəqəm 90 nəfərə çatıb və 2026-cı ildə 160 nəfər olacağı proqnozlaşdırılır.
 
Sənəddə həmçinin göstərilir ki, 2006-cı ildə Azərbaycanda 5 sentamilyonçu olub. 2015-ci ildə sərvəti 100 milyon dolları keçən belə şəxslərin sayı 10-a çatıb. 2026-cı ildə isə 18 nəfər olacaq.
 
Maraqlıdır ki, mənbə Azərbaycanda sərvəti 1 milyard dolları keçən şəxslərlə bağlı heç bir məlumat verməyib.
 
RePost.Az
Mənbə: virtualaz.org

Baxış sayı: 4739 | Tarix: 04.03.2017
Bizi Telegramda izləyin: @repostaz