18 il əvvəl tərədilən cinayətin üstü açılıb. Bu barədə RePost.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilirb. 
 
Məlumata əsasən, 18 il əvvəl – 2004-cü il aprelin 26-da 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin paytaxtın Yasamal rayonu ərazisində yaşadıqları mənzildə aşkar edilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (120.2.7. iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanılıb.    
 
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Bakı şəhər sakini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Mərkəzində müalicə alan Anar Ağalarovun həmin cinayəti törətməsinə əsaslı şübhələr yaranıb.
 
İlkin dindirmə zamanı A.Ağalarov hadisəni xalası oğlu mərhum Teymur Məmmədovla birlikdə törətdiyini etiraf edib.
 
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Baxış sayı: 4967 | Tarix: 14.04.2022
Bizi Telegramda izləyin: @repostaz