Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
RePost.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə baş tutan prosesdə iki məktəbli – Şəmsiyyə Abdiyeva və Sevinc Abdullayeva ifadə verib. Onlar Nərmin Quliyeva itkin düşdüyü gün onu əmisigilin evinin yaxınlığında görüblər.
Nərmin Quliyevanın qohumları ifadələrində onun 2019-cu il noyabrın 21-də saat 14.00-14.30 radələrində əmisigilə gəlib gödəkçəni verdiyini, oradan çıxıb üzbəüz yaşayan digər əmisigildən də başqa bir gödəkçəni götürüb dərhal getdiyini iddia edib.
İttihamda da iddia olunur ki, İlkin Süleymanov uşağı saat 15.00-da oğurlayıb.
Lakin məhkəmədə dindirilən məktəblilər Nərmini axşamüstü saat 16.00-17.00 arası əmisigilin evinin yanında gördüyünü deyir. Uşaqlar bu dediklərini konkret sübutla əsaslandırıblar: “Biz hazırlıqdan çıxıb gəlirdik. Hazırlığımız saat 4-də bitir. Müəllim bizi ondan sonra buraxır. Biz müəllimin evindən çıxıb bir xeyli gəlmişdik. Nərmini gördük. Onun yanından keçəndən sonra kənddəki çoban "Malış"la rastlaşdıq".
Hazırda yol qəzasına görə həbsdə olan şahid Zakir Vəliyev də məhkəmədə şahid qismində dindirilib.
O bildirib ki, uşaq itkin olduğu və Süleymanovlara məxsus evdə saxlandığı iddia olunan 47 gün ərzində dəfələrlə İlkinlə görüşüb. Onun sözlərinə görə, o müddətdə İlkin dəfələrlə toy, yas məclislərində olub: “Dekabrın 16-da İlkinlə birlikdə ciyəraxşamında olmuşam, ertəsi gün də toy idi. Toy günorta saat 2-də başlayırdı. Siyahı yazmaq İlkinə tapşırılmışdı. Ona görə tez getdik. Biz axşam saat 10-da qayıtdıq, İlkin isə pul siyahısı yazdığına görə gecə saat 1-ə qədər qalmışdı. Onu sonradan gecə saat 1-də toy sahibi Kamran özü evlərinə aparmışdı".
Cinayət işinin materiallarında İlkin Süleymanovun 2020-ci il yanvarın 10-da saxlandığı göstərilsə də, indiyədək məhkəmədə dindirilən bütün şahidlər onun yanvarın 6-da – yanmış meyit tapılandan dərhal sonra polisə aparıldığını və ondan sonra buraxılmadığını bildiriblər. Zakir Vəliyev də bunu təsdiqləyib. O bildirib ki, onun özünü də yanvarın 7-də Tovuz rayon Polis Şöbəsinə aparıb hədələyiblər. Həmin vaxt İlkin Süleymanov da orada olub: “Rəis müavini Şahlar Cəfərov deyirdi ki, sən öldürmüsən, sən yandırmısan? Dedim ki, mən uşağı niyə öldürüm axı... İlkinin də üstünə qışqırırdılar”.
Proses bu gün günün ikinci yarısında davam edəcək.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.