Bakının Səbail rayonunda özündən 10 yaş böyük olan sevgilisini bıçaqlamaqda ittiham olunan 2007-ci il təvəllüdlü İlkin Cəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
RePost.Az teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.
 
İttihama görə, İlkin Cəbiyev sevgi münasibətində olduğu Dilbər İbrahimova ilə qısqanclıq zəminində mübahisə edib. Daha sonra onu bıçaqlayıb.
 
İstintaq orqanı tərəfindən İlkinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
 
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən İlkin elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, Dilbər onun qonşusudur. Əvvəllər münasibətləri yaxşı olub, amma son vaxtlar aldadıldığını hiss edib:
 
“Dilbər əvvəllər məni sevdiyini deyirdi. Amma son vaxtlar münasibətlərimiz soyumuşdu. Hiss edirdim ki, məni aldadır. Ona “WhatsApp”da mesaj yazırdım. Onlayn olurdu, amma cavab vermirdi. Hiss edirdim ki, başqası ilə danışır. Məni Dilbər iki-üç il belə aldatdı. Mesajlarıma gec-gec cavab verirdi. Səbəbini soruşanda başının qarışıq olduğunu söyləyirdi”.
 
Təqsirləndirilən şəxs deyib ki, hadisə günü Dilbərlə küçədə rastlaşıb:
 
“Xalası da yanında idi. Ondan soruşdum ki, məni niyə aldadırsan? Sonra bıçaqla ona bir zərbə vurdum. Daha sonra evə gəldim. Anama hadisə barədə məlumat verdim. Özüm 8-ci polis bölməsinə gedərkən yolda polislər məni saxladılar”.
 
Təqsirləndirilən şəxs bildirib ki, Dilbəri bıçaqlamaqla səhv hərəkət edib.
 
Onun sözlərinə görə, Dilbər əvvəllər ailəli olub, sonradan boşanıb:
 
“Mən Dilbəri sevirdim. O da məndən əl çəkmirdi. Hamı Dilbəri sevdiyimi bilirdi. Dilbəri isə 13 yaşında sevməyə başlamışam”.
 
Zərərçəkmiş Dilbər ifadəsində deyib ki, ailəlidir, üç azyaşlı uşağı var. İlkini qonşusu kimi tanıyıb:
 
“İlkin məni sevdiyini deyirdi. Mən də bunu zarafat kimi qəbul edirdim. Mənə “WhatsApp”da “ürək” atırdı, sevdiyini yazırdı. Mən isə cavab yazmırdım. Nə cavab yazacaqdım? Mən elə bilirdim ki, zarafat edir. Mənə gecə-gündüz yazırdı”.
 
Dilbər qeyd edib ki, bu hadisəyə kimi əri ilə birlikdə yaşayıb:
 
“Təqsirləndirilən şəxsin boşanmağımla bağlı dediyi yalandır. Mən ərimlə yaşamışam. Bu hadisə baş verəndən sonra ərim boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda boşanma ilə bağlı iş məhkəmədədir”.
 
Növbəti proses noyabrın 21-də davam edəcək.

Baxış sayı: 6867 | Tarix: 15.11.2022
Bizi Telegramda izləyin: @repostaz