Fransanı Afrikadan Rusiya sıxışdırıb çıxarmayıb.
 
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" və RİA “Novosti”yə müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, problem başqadır.
 
Putin Fransa Prezidenti Emmanuel Markonun Rusiyadan incik olduğunu söyləyib: "Bəli, düşünürəm ki, hansısa inciklik var, amma biz onunla birbaşa əlaqə saxlayanda bu mövzuda kifayət qədər açıq danışmışdıq. Biz Afrikaya gedib Fransanı oradan sıxışdırıb çıxarmamışıq. Problem başqadır. Tanınmış “Vaqner” qrupu əvvəlcə Suriyada bir sıra iqtisadi layihələr həyata keçirib, daha sonra Afrika ölkələrinə keçib. Müdafiə Nazirliyi onlara Rusiya qrupu olduğuna görə dəstək verir. Biz heç kimi sıxışdırmadıq. Sadəcə olaraq, bəzi Afrika ölkələrinin liderləri Rusiyanın iqtisadi operatorları ilə razılaşdılar, onlarla işləmək istədilər, lakin fransızlarla heç bir şəkildə işləmək istəmədilər. Bu, hətta bizim təşəbbüsümüz deyildi, afrikalı dostlarımızın təşəbbüsü idi.
 
Müstəqil dövlət başqa ölkələrdən, o cümlədən Rusiyadan olan tərəfdaşları ilə münasibətləri inkişaf etdirmək istəyirsə, bu məsələdə bizdən niyə inciməlidir, başa düşülən deyil. Biz bu ölkələrdə onlara, keçmiş fransız müstəmləkəçilərinə toxunmamışıq. Mən hətta bunu istehzasız deyirəm, çünki Fransanın tarixən müstəmləkəçi olduğu bir çox ölkələrdə onlarla həqiqətən çalışmaq istəmirlər. Bizim bununla heç bir əlaqəmiz yoxdur. Biz orada heç kimi qızışdırmırıq, heç kimi Fransaya qarşı qoymuruq. Öz problemlərinizi görmədən kimdənsə incimək yəqin ki, daha rahatdır. Ola bilsin ki, Fransa Prezidentinin belə kəskin, kifayət qədər emosional reaksiyası bəzi Afrika dövlətlərində baş verənlərlə də bağlıdır", - Rusiya Prezidenti vurğulayıb.

Baxış sayı: 7038 | Tarix: 13.03.2024
Bizi Telegramda izləyin: @repostaz