İyulun 25-26-da Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Balakən və Zaqatala rayonları ərazisindəki meşə massivlərində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.
 
Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətlərindən RePost.Az-a daxil olan birgə məlumatda qeyd olunub ki, DİN Daxili Qoşunlarına məxsus helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin kultivasiya yolu ilə yetişdirilməsinə dair faktlar müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 26 ton 685 kiloqram olan 26 min 660 ədəd narkotik tərkibli çətənə kolları, xalis çəkisi 23 kiloqram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
 
Qeyd olunan faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
 
Həmin cinayətlərin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılaraq istintaqa cəlb olunub.
 
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı zəruri tədbirlər davam etdirilir.
 
RePost.Az

Baxış sayı: 4112 | Tarix: 27.07.2017
Bizi Telegramda izləyin: @repostaz