Bakıda tanınmış psixoloq Dəyanət Rzayev intihar edib. RePost.Az APA TV-yə istinadən xəbər verir ki, psixoloq yaşadığı evdə özünü kəmərlə asıb.
 
Dəyanət Rzayev bir neçə gün əvvəl xəstə olduğunu bildirib, evində tək olub, sosial şəbəkələrdəki bütün hesablarını bağlayıb, telefonlarını söndürüb. Narahat olan anası yanvarın 25-i axşam saatlarında onun Murtuza Muxtarov 185 ünvanında yaşadığı evə gedib. Qapını açan olmadığından, qohumları qapını sındıraraq mənzilə daxil olublar. Onlar mənzildə psixoloqun asılmış meyiti ilə qarşılaşıblar. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Yasamal Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları hadisə yerinə gəliblər. Onlar mənzildən Dəyanət Rzayevin intihardan əvvəl yazdığı məktubu tapıblar. Psixoloq ölümündə heç kimin günahının olmadığını və intiharın şəxsi qərarı olduğunu yazıb. Məktub, eləcə də, Dəyanət Rzayevin mobil telefonu prokurorluq əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
 
Psixoloqun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. Oradan APA TV-yə verilən məlumata görə, Dəyanət Rzayev meyiti tapılmazdan bir neçə saat əvvəl intihar edib.
 
Dəyanət Rzayev həyat yoldaşından boşanıb. Onun iki azyaşlı övladı var. Yaxınlarının dediyinə görə, ailəsinin dağılması psixoloqun psixoloji durumuna ciddi təsir edib, onda dəyişikliklər yaranmağa başlayıb. İntiharın səbəbinin də ailə münasibətlərinin olduğu ehtimal olunur.
 
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Qeyd edək ki, D. Rzayev 1971-ci ildə anadan olub.
 
RePost.az
 
 


Baxış sayı: 2573 | Tarix: 26.01.2017
Bizi Telegramda izləyin: @repostaz