Son günlər  Göyçay  rayonunda canavarların kəndlərə hücüm etməsi sakinləri qorxuya salıb.

RePost.Az-ın bölgə müxbirinə rayon  sakinlərinin verdiyi məlumata görə, bir neçə gün əvvəl gecə saatlarında rayonun Ləkiçıplaq kəndində  Şirvan Kərimova məxsus tövləyə hücüm edən vəhşi heyvanlar, qoyunlardan  6 parçalayıb bir neçəsini yaralayıb. Ötən gün isə rayonun  Qızılağac kəndində soxulan  canavarlar, kənd sakini Qorxmaz İsmayılova məxsus tövlədə olan 30  qoyundan 10-nu  tələf edib, 16-nı yaralayıb. Kənd sakinlərinin sözlərinə görə, bu ilin qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir. Yaralı heyvanların kəsimi  və satılması qadağan olunub. Parçalanan qoyunların qalıqları  dezinfeksiya edilərək basdırılıb. Kənd sakinləri həyacan təbili çalır, vəhşi heyvanlara qarşı mübarizə aparılmadığı halda, fərdi təsərrüfatda olan  heyvanlarla bərabər sakinlərin  də  zərər çəkə biləcəyini deyirlər. Sakinlərin sözlərinə görə, vəhşi heyvanlar gündüz saatlarında kənd ətrafında gözə görünür, axşam saatlarında kəndə hücüm çəkirlər.

RePost.Az

 


Baxış sayı: 2706 | Tarix: 10.02.2017
Bizi Telegramda izləyin: @repostaz